Möhtərəm cənab Prezident !

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Qazax rayonundan bir nümayəndə kimi iştirak etmək və Sizin tarixi çıxışınızı canlı şəkildə dinləmək mənim üçün böyük şərəfdir.

Qurultayın ilk dəfə yeni ictimai-siyasi və geosiyasi şəraitdə, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa ediləndən sonra keçirilməsi, partiyamızın ali orqanında Sizin tapşırıq və tövsiyələrlə zəngin olan proqram xarakterli nitqiniz biz partiya üzvlərini daha da ruhlandırır və yeni-yeni uğurlara səsləyir. Dövlət müstəqilliyimizin və suverenliyimizin qorunması, həmrəyliyimizin daha da gücləndirilməsi, qarşıda duran yeni hədəflər, vəzifələr haqqında fikirləriniz hər bir partiya üzvü üçün aydın yol xəritəsidir. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiya fəallarının çox böyük payı var, böyük töhfəsi var deyə, səsləndirdiyiniz fikirlər biz partiya üzvlərinə göstərdiyiniz böyük etimad, verdiyiniz yüksək dəyərdir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Sədr!

Dünyanın bu çətin, keşməkeşli bir vaxtında, hərbi, soyuq müharibələrin tüğyan etdiyi bir zamanda Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə sabitlik, sakitlik, təhlükəsizlik hökm sürür, xalqımız əmin-amanlıq şəraitində yaşayır. Bu gün müstəqil, suveren Azərbaycanımız dünyanın ən sakit bir məkanına, diplomatiya mərkəzinə çevrilib. Azərbaycanın müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, ölkəmizin sosial-iqtisadi inkişafı və əhalimizin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyiniz genişmiqyaslı işlər hər bir vətəndaşımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Mən bir təhsil işçisi kimi Sizi əmin edirəm ki, nitqinizdən irəli gələn vəzifələri, tapşırıqları böyük ruh yüksəkliyi ilə şərəflə yerinə yetirməyə çalışacağam.

Biz Sizinlə - dünya şöhrətli Liderimizlə fəxr edirik!

Allah Sizi qorusun!

Dərin hörmətlə,

Bayramova Rəna

Azərbaycan Respublikası, Qazax şəhəri.