Danimarka Ukraynaya F-16 qırıcı təyyarələrinin bort topları üçün 20 mm kalibrli 50 mindən çox döyüş sursatı təhvil verib.
Ukrayna mediasına istinadən, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilib.
"Əlavə döyüş sursatı ilə bağlı sorğuya sürətli və effektiv cavab verdiyinə görə Danimarkaya təşəkkür edirik. Belə operativlik Ukrayna hava hücumundan müdafiəsinin gücləndirilməsi və insanların Rusiyanın hava hücumlarından qorunması üçün birbaşa əhəmiyyət daşıyır", – məlumatda qeyd olunub.
Nazirlikdən vurğulanıb ki, Ukrayna pilotları artıq döyüş sursatlarından reaktiv zərbə pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün istifadə edirlər.
Xatırladaq ki, Danimarka Ukrayna raket və pilotsuz uçuş aparatları istehsalçısı "Fire Point"in Danimarka törəmə şirkətinə 750 milyon krona (112,6 milyon dollar) məbləğində kredit zəmanəti verir.