Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, ölən var

Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarını daşıyan ticarət gəmisi batıb.

“Xoriv” (Khoryv) adlı gəmi Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batıb.

Hadisə nəticəsində bir dənizçi ölüb, üç nəfər itkin düşüb, doqquz nəfərin isə xilas edildiyi bildirilib.

Ümumilikdə, gəmidə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşı olub.

Yerli vaxtla saat 10:00 radələrində gəmi həyəcan siqnalı verib və Rumıniyanın aidiyyəti qurumları vəziyyətə müdaxilə edib.

Hələlik insidentin səbəbi bilinmir.

İlkin və təsdiq olunmamış məlumatlara görə, gəmi dron hücumuna məruz qalıb və nəticədə yanğın baş verib.

Hadisə baş verən zaman gəmi Rumıniyanın ərazi sularından kənarda olsa da, ölkənin dəniz sərhədinə yaxın olub.