Deputat Qüdrət Həsənquliyev kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət sənədlərinin qəbul edilməsinə baxmayaraq, ərzaq idxalının artmaqda davam etdiyini açıqlayıb. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib.
“Çox təəssüf ki, bu sahədə vəziyyət yaxşılığa doğru dəyişmir. Məsələn, mən son üç ilin statistikasına baxdım. 2023-cü ildə biz xaricdən 2,16 milyard dollarlıq ərzaq məhsulları almışıq, 2024-də bu rəqəm xeyli artıb, 2 milyard 475 milyon dollar olub. 2025-ci ildə isə biraz da artaraq 2 milyard 591 milyon manat olub. Ümumi artım 20% və 431 milyon dollarlıq artım olub”, Həsənquliyev bildirib.
Deputat kənd təsərrüfatına investisiyanın azlığını da əsas problemlərdən biri kimi göstərib.
Həsənquliyev kiçik istehsalçıların məhsullarını qəbul edib emal və ixraca hazırlayan müəssisələrin yaradılmasını təklif edib.
“Çoxsaylı emal müəssisələri yaradılmalıdır ki, həm həyətyanı təsərrüfatlarda yetişdirilən məhsulları həmin emal müəssisələri vətəndaşlardan qəbul eləsin, həm də kiçik sahibkarlardan bu məhsulları onlar toplaya bilsinlər”, - deputat bildirib.
O, bal istehsalını nümunə göstərərək deyib ki, “ biz xaricə bal sata bilmirik, ona görə bal sata bilmirik ki, onun tərkibindəki antibiotiklərin qalıqları var, orda pestisidlər var və digər zərərli maddələr var.”