Çin prezidenti Si Cinpin Çin üçün beş siyasət prioritetini açıqlayıb və bu da Qərbdə narahatlıq yaradıb.
Bu barədə Almaniyanın "Berliner Zeitung" qəzetinin təhlilində bildirilir.
Qeyd olunur ki, Pekinin prioritetlərinə xalqla sıx əlaqələr, yüksək rifah səviyyəsi, inkişaf və milli təhlükəsizlik arasında daha sıx uyğunluq, sürətləndirilmiş hərbi modernləşmə və hərtərəfli partiya intizamı daxildir.
"Sinin "güclü küləklərə, güclü dalğalara və hətta təhlükəli fırtınalara" hazırlıqlı olmaq barədə dedikləri diqqəti cəlb edir. O, bununla kimi və ya nəyi nəzərdə tutduğunu açıq saxlayıb.
Mövcud mənbələrə görə, nə Tayvan, nə ABŞ, nə də iqtisadi böhran adla qeyd olunmayıb", - deyə nəşr bildirir.
Qəzetin məlumatına görə, alman və avropalı müşahidəçilər Çin prezidentinin çıxışını öz xeyrinə bir siqnal kimi qiymətləndirirlər. "İqtisadi inkişaf və təhlükəsizlik siyasəti arasındakı əlaqə Pekinin strateji sənaye siyasəti və yenidən silahlanmanı vahid bir bütöv kimi gördüyünü göstərir", - deyə müəlliflər yekunlaşdırıblar.
Avropa İttifaqı əvvəllər Pekinlə münasibətlərinin kritik olduğunu bəyan etmişdi. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyenin sözlərinə görə, hazırda Aİ-nin Çinlə ticarət kəsiri gündə bir milyard avroya çatıb.