Şlapaçenko: Azərbaycan qlobal problemlərin həllində iştiraka hazır olduğunu nümayiş etdirir

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə qarşılıqlı fəaliyyəti, o cümlədən COP29 və 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi onun ümumi qlobal problemlərin həllində iştirak etməyə hazır olduğunu göstərir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko 24 oktyabr – BMT Günü ərəfəsində təşkil olunmuş yüksəksəviyyəli strateji dialoqda bildirib.

"Azərbaycanın çoxtərəfli əməkdaşlığa və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına sadiqliyini qeyd etmək istəyirəm. Ölkənin BMT ilə qarşılıqlı fəaliyyəti, o cümlədən COP29 və WUF13-ün keçirilməsi onun ümumi qlobal problemlərin həllində iştirak etməyə hazır olduğunu sübut edir", - o bildirib.

D.Şlapaçenko qeyd edib ki, təxminən bir il əvvəl Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasında 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıblar və indi tərəflərin vəzifəsi ölkənin dəyişən prioritetlərini, eləcə də birgə fəaliyyətlərin ən çox fayda verəcəyi istiqamətləri nəzərə almaqla onun praktik şəkildə həyata keçirilməsindən ibarətdir.

Onun sözlərinə görə, əməkdaşlıq Qarabağın və Şərqi Zəngəzurun bərpası kontekstində xüsusi əhəmiyyət kəsb edir, burada Azərbaycan hökuməti infrastrukturun və dövlət xidmətlərinin bərpası, iqtisadi imkanların genişləndirilməsi və keçmiş məcburi köçkünlərin qayıdışına kömək məqsədilə genişmiqyaslı işlər aparır.

"Bu işin arxasında öz həyatını yenidən quran ailələr və gələcəyə yönəlmiş icmalar dayanır. Onların təhlükəsizliyi, ləyaqəti və rifahı əməkdaşlığımızın mərkəzində qalmalıdır", - BMT-nin rezident-əlaqələndiricisi vurğulayıb.

O, həmçinin bildirib ki, Azərbaycan hökuməti yeni sosial-iqtisadi inkişaf strategiyasının və 2027-2030-cu illər üçün "Böyük Qayıdış" proqramının növbəti mərhələsinin hazırlığını başa çatdırır. Onun qiymətləndirməsinə görə, bu, BMT-nin ekspert potensialının milli prioritetlərin həyata keçirilməsinə ən səmərəli şəkildə kömək edə biləcəyi istiqamətlərin müəyyənləşdirilməsi üçün imkanlar açır.

D.Şlapaçenko qeyd edib ki, BMT Azərbaycanın institusional imkanlarını və resurslarını ixtisaslaşmış ekspertiza, beynəlxalq standartlar, siyasət sahəsindəki tövsiyələr və digər ölkələrin təcrübəsi ilə tamamlaya bilər.

O əlavə edib ki, Əməkdaşlıq üzrə Çərçivə Proqramı iki əsas istiqaməti nəzərdə tutur: inklüziv sosial-iqtisadi artım və insan potensialının inkişafı, eləcə də ekosistemlərin qorunması, iqlimə davamlılığın artırılması, "yaşıl artım" və ədalətli keçid.

Çıxışda rezident-əlaqələndiricinin bərpanın əsas şərtlərindən biri adlandırdığı humanitar minatəmizləməyə xüsusi diqqət yetirilib.

"Minalardan təmizlənmiş hər bir ərazi mənzil tikintisi, kənd təsərrüfatı ilə məşğul olmaq, infrastrukturun və ictimai həyatın inkişafı üçün imkanlar açır. Azərbaycanın minatəmizləməni 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi kimi tanıması bu qarşılıqlı əlaqəni vurğulayır", - o bildirib.

Onun sözlərinə görə, dayanıqlı bərpa həmçinin iqlimə davamlı kənd təsərrüfatının inkişafını, su ehtiyatlarından səmərəli istifadəni, ekosistemlərin bərpasını və dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqini nəzərdə tutur.

Sonda BMT-nin rezident-əlaqələndiricisi BMT-nin ölkə komandasının 2027-ci ildə razılaşdırılmış prioritetlərin həyata keçirilməsi üzərində azərbaycanlı tərəfdaşlarla birgə işləməyə hazır olduğunu bəyan edib.