Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası sistemini tənqid edərək, 190-dan çox ölkənin iradəsinin 5 ölkənin istəyindən asılı olmasının ədalətli olmadığını bildirib.
Bu barədə o, 9-cu İstanbul Vasitəçilik Konfransına videomüraciətində danışıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin etimadsızlıq üzərində qurulan beynəlxalq siyasət anlayışını qəbul etmədiyini vurğulayıb:
“Qlobal miqyasda münaqişələrin artdığı, gərginliyin yüksəldiyi, beynəlxalq hüquqa və qurumlara inamın sarsıldığı bir dövrdən keçirik. Türkiyə olaraq belə bir dövrdə tərəflərin bir-biri ilə danışmadığı, ümidlərin azaldığı vaxtlarda belə diplomatiyadan əsla vaz keçməməyi özümüzə prinsip seçmişik. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsindən tutmuş Afrika qitəsindəki vasitəçilik səylərimizədək geniş coğrafiyada əldə etdiyimiz nəticələr sayəsində bu gün də sülhə aparan yolu açmağa çalışırıq”.
Türkiyə lideri qeyd edib ki, bu gün Fələstində, Livanda, Sudanda və digər böhranlı bölgələrində ümidlərini BMT-yə bağlamış milyonlarla insan dərin məyusluq yaşayır:
“Bir həqiqət var ki, 190-dan çox ölkənin iradəsinin 5 ölkənin (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Fransa, ABŞ, Çin, Rusiya və Böyük Britaniyanı nəzərdə tutur - red.) istəyindən asılı olduğu bir sistem nə ədalətlidir, nə də etimadı tam şəkildə bərpa edə bilər. Türkiyə olaraq etimadsızlıq üzərində qurulan beynəlxalq siyasət anlayışını qəbul etmirik. Ən çətin mübahisələrdə belə diplomatiya üçün mütləq bir qapının olduğuna inanırıq.
Əsas məsələ həmin qapını açıq saxlamaq üçün iradə, cəsarət və səmimiyyət nümayiş etdirməkdir. Bu istiqamətdə sülh naminə tərəfləri bir araya gətirməyə, təcili həll yolları üçün vasitəçilik etməyə və məsuliyyəti üzərimizə götürməyə davam edəcəyik”.