"AzerGold" QSC Özbəkistanın Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının işlənməsi layihəsinə ən azı 100 milyon ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır.
QSC-yə istinadən, layihənin ilkin mərhələsində hazırlıq və əlavə geoloji kəşfiyyat işlərinin aparılmasına 7,8 milyon ABŞ dolları yönəldiləcək. Layihə üzrə yekun investisiya qərarının 2028-ci ildə qəbul edilməsi nəzərdə tutulur.
İlkin hesablamalara əsasən, yatağın işlənməsi layihəsi çərçivəsində 200-dək yeni iş yerinin yaradılması potensialı mövcuddur. Bununla belə, investisiyanın yekun həcmi, hasilat göstəriciləri və məşğulluq imkanları əlavə geoloji kəşfiyyat, mineral resursların qiymətləndirilməsi, texniki-iqtisadi təhlil və layihələndirmə işlərinin nəticələrinə əsasən dəqiqləşdiriləcək.
Layihə barədə məlumatı "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov oktyabrın 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qaşqadərya vilayətinə işgüzar səfəri çərçivəsində xarici investorlarla keçirilən görüşdə təqdim edib.
O, şirkətin Özbəkistanda təsis edilmiş ilk xarici törəmə müəssisəsi olan "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti və "Akba" qızıl yatağının işlənməsi layihəsinin perspektivləri barədə məlumat verib.
Layihənin həyata keçirilməsi Azərbaycan və Özbəkistan arasında mədənçıxarma sahəsində əməkdaşlığın genişləndirilməsinə, mineral xammal ehtiyatlarından səmərəli istifadəyə və qarşılıqlı investisiya imkanlarının artırılmasına töhfə verə bilər. Eyni zamanda, bu təşəbbüs "AzerGold"un beynəlxalq fəaliyyətinin genişləndirilməsi və şirkətin təcrübəsinin xarici bazarlarda tətbiqi baxımından əhəmiyyət daşıyır.
Görüşdə Qaşqadərya vilayətinin sənaye və kənd təsərrüfatı potensialının inkişafı, yeni investisiyaların cəlb edilməsi və müasir texnologiyaların tətbiqi məsələləri də müzakirə olunub.
Ş. Mirziyoyevin sözlərinə görə, son beş ildə regiona 20 trilyon sum həcmində daxili investisiya yönəldilib. Ümumi dəyəri 6 milyard ABŞ dollarından çox olan 161 investisiya layihəsi hazırlanıb. Onlardan 69-u artıq istifadəyə verilib, digər 92 layihə üzrə isə tikinti işlərinə başlanılıb.
Özbəkistan Prezidenti xammalın daha dərindən emalının, müasir texnologiyaların tətbiqinin və əlavə dəyər yaradan istehsal sahələrinin inkişafının vacibliyini vurğulayıb. O, 2027-ci ilin müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadərya vilayətinin inkişaf ili olacağını bildirib.
Qeyd edək ki, "AzerGold" QSC, "Uzbekgeologorazvedka" SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında 17 iyul 2026-cı il tarixində Özbəkistanın perspektivli mineral sahələrində birgə geoloji kəşfiyyat işlərinin aparılmasına dair əməkdaşlıq sənədi imzalanıb.
Hazırda Nəvai və Nurata şəhərləri arasındakı sahələrdə tədqiqatların aparılması üçün birgə müəssisənin yaradılması istiqamətində işlər davam etdirilir. Tərəflər, həmçinin Azərbaycan və Özbəkistanda yerləşən digər perspektivli mineral yataqlarının birgə kəşfiyyatı və işlənməsi imkanlarını müzakirə edirlər.