Hüququ pozulan uşaqlarda nə müşahidə olunur? – AÇIQLAMA…

Azərbaycanda oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın məqsədi uşaq hüquqlarının müdafiəsi ilə bağlı ictimai məlumatlılığı artırmaq və bu sahəyə diqqəti gücləndirməkdir.

Amerika Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Şirin Məmmədli Medianews.az-a açıqlamasında ailədə və ya məktəbdə hüquqları pozulan uşaqlarda müşahidə olunan dəyişikliklərdən və uşaqların öz hüquqlarını bilməsinin onların müdafiəsinə necə kömək edə biləcəyindən danışıb.

Ş.Məmmədli bildirib ki, hüquqlarının pozulması uşağa müxtəlif formalarda təsir edir: “Bəzi uşaqlar qorxaq və qapalı olmağa başlayır, öz fikirlərini deməkdən çəkinir, böyüklərin yanında gərgin davranırlar. Digərlərində isə aqressivlik, əsəbilik, tez ağlama, dərsə marağın azalması, diqqət dağınıqlığı və ya məktəbə getmək istəməmək kimi əlamətlər müşahidə oluna bilər. Yuxu və iştah dəyişiklikləri, özünü günahlandırmaq, dəyərsiz hiss etmək də mümkün əlamətlərdəndir. Bəzən uşaq başına gələnləri danışmır, amma davranışındakı dəyişikliklərlə yaşadığı narahatlığı ifadə edir.

Burada vacib məqam odur ki, bu əlamətlərin hər biri mütləq hüquq pozuntusu və ya zorakılığın nəticəsi demək deyil. Lakin uşaqda qəfil və davamlı dəyişikliklər müşahidə olunursa, buna laqeyd yanaşmaq olmaz. Valideyn və müəllim uşağı dərhal sorğu-suala tutmaq, onu günahlandırmaq və ya “sən niyə belə davranırsan?” deyə təzyiq göstərmək əvəzinə, sakit şəkildə dinləməli, uşağın özünü təhlükəsiz hiss etməsinə şərait yaratmalıdır. Uşaq bilməlidir ki, yaşadıqlarını danışdığına görə cəzalandırılmayacaq və ona inanılması üçün mütləq nəyisə sübut etməli deyil”.

Psixoloqun sözlərinə görə, uşaqların öz hüquqlarını bilməsi onların təhlükəli vəziyyətlərdən qorunmasında mühüm rol oynayır: “Uşaq başa düşməlidir ki, heç kimin onu alçaltmağa, təhqir etməyə, vurmağa, qorxutmağa və ya istəmədiyi bir hərəkətə məcbur etməyə haqqı yoxdur. O öz bədəni, şəxsi sərhədləri və təhlükəsizliyi ilə bağlı yaşına uyğun məlumatlara sahib olmalıdır. Eyni zamanda anlamalıdır ki, baş verənlərə görə özünü günahlandırmamalı və kömək istəməkdən çəkinməməlidir”.

Bununla belə Ş.Məmmədli vurğulayıb ki, uşağa hüquqlarını öyrətmək təkcə qaydaları sadalamaqdan ibarət olmamalıdır: “Ona təhlükəli vəziyyəti tanımağı, narahatlığını ifadə etməyi, “yox” deməyi və etibar etdiyi böyüyə müraciət etməyi də öyrətmək lazımdır. Bu böyüklər valideyn, müəllim, məktəb psixoloqu və ya uşağın güvəndiyi başqa bir şəxs ola bilər. Uşaq ilk müraciətində dinlənməzsə, problemini başqa etibarlı böyüyə danışa biləcəyini də bilməlidir.

Ailə və məktəb uşağın hüquqlarını qorumaqda bir-birini tamamlamalıdır. Uşağın fikrinə hörmət etmək, onu dinləmək, səhv etdikdə belə alçaltmamaq və problemlərini ifadə etməsinə imkan yaratmaq sağlam psixoloji mühitin əsas şərtlərindəndir. Məktəb psixoloqu isə uşaqlarda yaranan davranış və emosional dəyişiklikləri vaxtında müşahidə etməli, onlarla etibarlı ünsiyyət qurmalı, ehtiyac olduqda valideyn və müəllimlərlə əməkdaşlıq etməli, zorakılıq və ya ciddi təhlükə şübhəsi yarandıqda isə müvafiq müdafiə mexanizmlərinin işə düşməsinə kömək etməlidir.

Ən əsası, uşaq hüquqlarını yalnız nəzəri olaraq bilməməli, gündəlik həyatında da bu hüquqlara hörmət edildiyini duymalıdır. Çünki uşağın özünü təhlükəsiz hiss etdiyi, fikirlərinin dinləndiyi və kömək istəməkdən qorxmadığı mühitdə təhlükəli halları vaxtında bildirmək ehtimalı daha yüksək olur. Uşağı qorumaq yalnız onun hüquqlarını izah etməklə deyil, həmin hüquqları real həyatda təmin etməklə mümkündür”.