Bakıda I Milli Leyşmanioz Konfransı keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq iştiraklı I Milli Leyşmanioz Konfransı keçiriləcək.

Konfrans 23–24 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun və Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Tədbirə hazırlıq çərçivəsində oktyabrın 21-də təşkilati iclas keçirilib. İclasda konfransın proqramı və digər təşkilati məsələlər müzakirə olunub.

Konfransda müxtəlif ölkələrdən dəvət olunan qonaqların, Azərbaycan alimlərinin, elm xadimlərinin, həkimlərin və laboratoriya mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində oktyabrın 23-də V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda “Leyşmaniozun müasir laborator diaqnostikası və praktik yanaşmalar” mövzusunda seminar (workshop) keçiriləcək.

Oktyabrın 24-də isə “Radisson Hotel Baku”da “Leyşmaniozun müasir diaqnostikası, müalicəsi və profilaktikasına multidissiplinar yanaşmalar” mövzusunda elmi konfrans təşkil olunacaq.

Tədbirlər zamanı leyşmaniozun epidemiologiyası, klinik xüsusiyyətləri, laborator diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı aktual elmi-praktik məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, hər iki tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən akkreditasiya olunub. Oktyabrın 23-də keçiriləcək workshop 6, oktyabrın 24-də baş tutacaq elmi konfrans isə 11 DTT kredit balı ilə qiymətləndirilib.