Dünya bazarında neftin qiymətinin bir barel üçün 110 dollara, Avropa və Asiyada qaz qiymətlərinin isə 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatması əhalinin gündəlik xərclərinə təsir göstərir.
Sfera.az bildirir ki, “Reuters”in məlumatına görə, enerji daşıyıcılarının bahalaşması təkcə nəqliyyat və mənzil isitmə xərclərini artırmır. Bu proses ərzaq, geyim və qablaşdırma məhsullarının qiymətlərinə də təzyiq göstərir, inflyasiyanın yüksəlməsinə və kreditlərin bahalaşmasına səbəb olan amillərdən birinə çevrilir.
Neft qiymətlərinin artması fonunda Böyük Britaniyada dizelin orta pərakəndə satış qiyməti bu ay ilk dəfə litr üçün 2 funt sterlinqə çatıb. ABŞ-da isə dizelin qiyməti sentyabrda bir qallon üçün 6,53 dollarla rekord həddə yüksəlib.
Enerji qiymətlərinin artması ipoteka bazarına da təsir edir. Belə ki, yanacağın bahalaşması inflyasiyanı sürətləndirə, bu isə mərkəzi bankların faiz dərəcələrini yüksək səviyyədə saxlamasına səbəb ola bilər. Avstraliyada dəyişən faizli mənzil kreditlərinin ödənişləri artıb. ABŞ-də isə 30 illik ipoteka faizlərinin təxminən 6,1 faizdən 7,5 faizə yüksəlməsi ev almaq istəyənlərin xərclərini artırıb.
Bundan başqa, ABŞ-nin Nyu-York ştatında bu qış isitmə xərclərinin ötən illə müqayisədə 47 faiz artacağı gözlənilir. Böyük Britaniyada isə qaz hesablarının cari rübdə illik müqayisədə 10 faiz yüksələ biləcəyi bildirilir.
Neft və qaz qiymətlərinin artması plastik və sintetik materialların istehsalını da bahalaşdırır. Bu xammaldan plastik qablaşdırma, məişət əşyaları, ayaqqabı və polyester parçaların hazırlanmasında istifadə olunur. Məlumata görə, ABŞ-də plastik qiymətləri avqustda 2025-ci ilin oktyabrı ilə müqayisədə 7 faiz artıb.
Bahalaşma kənd təsərrüfatına da təsirsiz ötüşmür. Təbii qazdan istehsal olunan gübrələrin qiymətinin artması və daşımalarla bağlı problemlər ərzaq məhsullarının maya dəyərini yüksəldir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsaslanan proqnozlara görə, qlobal ərzaq inflyasiyası 2027-ci ilə qədər sürətlənə və uzun müddət yüksək qala bilər.
Beləliklə, enerji daşıyıcılarının bahalaşması yalnız yanacaq bazarı ilə məhdudlaşmır. Onun təsirləri nəqliyyat, mənzil xərcləri, ərzaq və geyim qiymətləri vasitəsilə ev təsərrüfatlarının büdcəsində də hiss olunur.