Bakıdan Balkanlara: Xəlvətilik sufi təriqəti və Cənub-Şərqi Avropanın mənəvi-mədəni əlaqələri

9–11 oktyabr tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə Balkan Araşdırmaları Fondunun təşkilatçılığı ilə VI Beynəlxalq Konqres keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva iştirak edib.

Konqres çərçivəsində Zöhrə Əliyeva “Bakıdan Balkanlara: Xəlvətilik sufi təriqəti və Cənub-Şərqi Avropanın mənəvi-mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Xəlvətilik sufi təriqətinin tarixi inkişafı və Balkanların dini tarixindəki əhəmiyyəti nəzərdən keçirilib. Xüsusi diqqət sufi təlimlərinin Anadolu vasitəsilə Cənub-Şərqi Avropaya yayılmasında Azərbaycanın və Bakının mühüm mənəvi-intellektual mərkəz kimi roluna yönəldilib.

Dinşünaslıq baxımından Xəlvətilik həm mistik cərəyan, həm də müsəlman icmalarının mənəvi praktikalarına, əxlaqi normalarına və intellektual əlaqələrinə təsir göstərən dini təriqət kimi təhlil olunub. Məruzədə mənəvi intizam, xəlvət, əxlaqi özünütəkmilləşdirmə və mürşidlik ənənəsi kimi məsələlərə toxunulub.

Tədqiqatda Şimali Makedoniyanın tarixi kontekstinə də xüsusi yer ayrılıb. Burada sufi ənənələrinin islam ilahiyyatı, yerli mədəni xüsusiyyətlər və ictimai həyatla qarşılıqlı əlaqədə inkişaf etdiyi vurğulanıb. Mənəvi varisliyin və ritual praktikaların araşdırılması təriqətin dini irsin qorunmasında və regional şəraitə uyğunlaşmasında rolunu göstərib.

Məruzədə qeyd olunub ki, Xəlvətiliyin tarixi Azərbaycan, Anadolu və Balkanlar arasında dini bilik mübadiləsini və mədəni qarşılıqlı əlaqələri anlamaq baxımından əhəmiyyətlidir. Sufi təriqətlərinin tarixi islam dünyasında mənəvi ideyaların yayılması, intellektual əlaqələrin formalaşması və mədəni dialoqun inkişafı proseslərini daha dərindən dərk etməyə imkan verir.

Zöhrə Əliyevanın konqresdə iştirakı Azərbaycan alimlərinin elmi tədqiqatlarının beynəlxalq akademik platformada təqdim olunmasına, həmçinin Azərbaycanla Balkan regionu arasındakı tarixi və mənəvi-mədəni əlaqələrə diqqətin artırılmasına töhfə verib.