Nazir: Dövlət sektorunda resursların vahid rəqəmsal idarəetmə modelinin tətbiqinə başlanılıb

"Dövlət sektorunda resursların vahid rəqəmsal idarəetmə modelinin – GRP (Government Resource Planning) sistemi mərhələli şəkildə tətbiq edilir".

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda deyib.

Nazir qeyd edib ki, cari ilin avqust ayından “e-mühasibat” altsistemi vasitəsilə mühasibat uçotunun və maliyyə hesabatlılığının elektronlaşdırılmasına başlanılıb:

"İlkin mərhələdə 261 dövlət qurumunun nümayəndələri üçün təlimlər keçirilib. 2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidinin elektron qeydiyyata alınması, 2027-ci ildən büdcədən maliyyələşən bütün təşkilatların mərhələli şəkildə GRP modelinə inteqrasiyası, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60 faizinin mövcud məlumatlar əsasında avtomatlaşdırılmış qaydada formalaşdırılması imkanının yaradılması hədəflənir".