Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.
Hazırlıq prosesindən əvvəl A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.
Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib:
"15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir".
Daha sonra A millinin baş məşqçisi yığmanın məşqini izləyib.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Şərqi-Timor yığmasına qarşı keçirəcək. Seçmə komanda qrup mərhələsində Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə də qarşılaşacaq.