2 yaşlı autizmli uşağı döyən əməkdaşla bağlı qərar verildi

“Brain Academy”nin Razin filialında 2 yaşlı, autizm spektrli uşağa qarşı zorakılıq halı ilə bağlı açıqlama verilib.

News24.az məsələ ilə bağlı müəssisə ilə əlaqə saxlayıb. Bağçadan bildirilib ki, hadisə baş verib və rəhbərlik tərəfindən araşdırmaya başlanılıb.

“Təəssüf ki, belə bir hal yaşanıb. Hadisədə adı hallanan əməkdaşın əmək müqaviləsinə xitam verilib və o, şiddətli töhmət tədbiri ilə işdən azad olunub. Dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda araşdırma davam edir”, – deyə müəssisədən bildirilib.

Qeyd edək ki, autizm spektrli uşağa qarşı zorakılıq halı ilə bağlı uşağın yaxınları məlumat yayıb. Şikayətçi sözügedən mərkəzdə 2 yaşlı autizm spektrli azyaşlı uşağın ağır fiziki şiddətə və zorakılığa məruz qaldığını bildirib.

Əldə etdiyimiz məlumata görə, polis tərəfindən araşdırma aparılır.