Azərbaycan kamandan oxatma millisi İraqdakı yarışda iştirak edəcək

Azərbaycanın kamandan oxatma millisi oktyabrın 24-29-u aralığında İraqın Süleymaniyyə şəhərində keçiriləcək "Asiya Kubokunun II mərhələsi - dünya reytinq turniri"ndə iştirak edəcək.

Azərbaycan Kamandan Oxatma Federasiyasından "Report"a verilən məlumata görə, yarışda beş idmançımız mübarizə aparacaq.

Turnirdə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva qatılacaq.

İdmançılar açıq havada, 70 metr məsafədə recurve (klassik yay) növü üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında mübarizə aparacaqlar. Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.

Qeyd edək ki, dünya reytinq turniri idmançılar üçün beynəlxalq rəqabət şəraitində çıxış etmək, təcrübə qazanmaq və reytinq xallarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.