“İpək Yolu Sığorta” ASC 2026-cı ilin yanvar-sentyabr dövrünü 742 929 manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53% (256 845 manat) çoxdur.
Bu barədə sığorta şirkətinin rüblük hesabatına istinadən xəbər verilir.
Ümumi gəlirlər 60% artaraq 5 milyon 727 min manatdan 9 milyon 144 min manata çatıb. Bunun 8 milyon 254 min manatı əsas əməliyyat gəlirlərinin payına düşüb.
Ümumi xərclər 61% artaraq 5 milyon 120 min manatdan 8 milyon 216 min manata yüksəlib. Əsas əməliyyat xərcləri isə 6 milyon 736 min manat təşkil edib.
Vergi ödəməzdən əvvəl əldə edilən maliyyə mənfəəti 928 min 661 manat olub. Şirkət bu mənfəətdən 185 min 732 manat vergi ödəyib.
Sığorta şirkətiinn ümumi investisiya portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.12% (18 min 400 manat) artım göstərib və 15 milyon 110 min manatdan 15 milyon 129 min manata yüksəlib. Şirkətin portfelində istiqrazların həcmi 68 min 400 manat artaraq 9 milyon 210 min manatdan 9 milyon 279 min manata çatıb. Bu artım tam olaraq dövlət istiqrazlarının payına düşüb; belə ki, dövlət istiqrazları 8 milyon 4 min manat təşkil edib. Qeyri-dövliət (özəl) istiqrazlarının həcmi isə dəyişməyərək 1 milyon 275 min manat səviyyəsində qalıb.