"Sabah" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı başabaş oyun nümayiş etdirib.
Bunu "Report"a açıqlamasında Azərbaycanın U-18 millisinin baş məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis Bakı Olimpiya Stadionunda keçirilən matç barədə fikirlərini bölüşüb:
"Sabah" məğlub olsa da, oyun baxımından elə epizodlar var idi ki, bərabər səviyyədə çıxış edirdilər. Komanda rəqibin ad-sanından, oynadığı çempionatdan və futbolçularından çəkinmədi, inamlı mübarizə apardı. Hətta "Slaviya" ilə matçla müqayisədə "Borussiya" ilə görüşdə daha yaxşı təsir bağışladılar. Həm "Borussiya", həm də "Sabah" açıq futbol oynadı. Təkcə qol vurmaqla kifayətlənmədilər, yaxşı hücumlar qurdular, qapıya zərbələr endirdilər. "Sabah"ın xal qazanmaq imkanı da var idi. Komanda hücumda çox inamlı idi".
M.Qurbanov "Sabah"ın qısa müddətdə oyununu daha da yaxşılaşdırdığını bildirib:
"Komanda bir həftə ərzində həm hücum, həm də müdafiə baxımından oyununu təkmilləşdirmişdi. Kahim Parris, Coy-Lens Mikels, Velko Simiç, Stiv Solvet, arxada Umarali Rahmonaliyev çox yaxşı və inamlı oyun göstərdilər. Rəqib çempionat və futbolçu səviyyəsinə görə matçın favoriti idi, üstün tərəf sayılırdı. Lakin "Sabah" oyun baxımından heç də geri qalmır, görüşün böyük hissəsində "Borussiya" ilə bərabər səviyyədə mübarizə aparırdı. Sadəcə, bir az ustalıq çatmadı. Müdafiədə oturub əks-hücumda oynamadılar. Gücləri çatdı, 90 dəqiqə tempə dözdülər və son dəqiqəyə kimi hücuma keçib qol vurmaq istədilər. Məğlubiyyətə baxmayaraq, oyun keyfiyyəti çox yaxşı idi".
Qeyd edək ki, "Sabah" – "Borussiya" matçı qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti görüşünü noyabrın 4-də səfərdə Norveçin "Vikinq" klubuna qarşı keçirəcək.