İmtahanlara münasibətdə emosiyadan faktlara: Şəffaflıq və məsuliyyət

Araşdırmanın 18 717 cari ilin məzununu, 592 əvvəlki illərin məzununu və qəbul imtahanından sonra sorğuda iştirak etmiş 839 respondentini əhatə etməsi məsələyə müxtəlif auditoriyaların təcrübəsi əsasında yanaşmağa imkan verir. Bundan əlavə, 64 imtahan üzrə 15 494 iştirakçının rəyinin toplanması imtahan təcrübəsinin müxtəlif tərəflərinin öyrənilməsinə xidmət edir.

Nəticələr mühüm bir məqamı üzə çıxarır: imtahanın çətin qavranılması təkcə tapşırıqların mürəkkəbliyi ilə bağlı deyil. Gözləntilər, vaxt amili, sosial təzyiq, stres və qəbul sistemi haqqında təsəvvürlər də bu qiymətləndirməyə təsir göstərir. Məsələn, cari ilin məzunlarında subyektiv çətinlik göstəricisinin 4,19, əvvəlki illərin məzunlarında isə 3,59 bal olması imtahan təcrübəsinin fərqli qruplarda eyni cür yaşanmadığını göstərir. Eyni zamanda, sistemin daha anlaşıqlı qəbul edilməsi ilə etimadın yüksəlməsi arasında müşahidə olunan əlaqə məlumatlandırmanın və aydın ünsiyyətin əhəmiyyətini önə çəkir.

Araşdırmanın dəyəri yalnız rəqəmlərdə deyil, müzakirəyə yanaşma prinsipindədir. İctimai narazılığı sadəcə cavablandırmaqla kifayətlənməyib, onun səbəblərini öyrənməyə çalışmaq, müxtəlif fikirləri dinləmək və nəticələri təhlil üçün təqdim etmək məsuliyyətli idarəçilik yanaşmasıdır. DİMin imtahan proqramları və modelləri ətrafında müzakirələrə çağırış etməsi də bu baxımdan əhəmiyyətlidir.

Dövlətin təhsil siyasətinin əsas prinsiplərindən olan obyektivlik, şəffaflıq, bərabər imkanlar və keyfiyyətli qiymətləndirmə davamlı diqqət və ictimai əməkdaşlıq tələb edir. İmtahan sisteminin təkmilləşdirilməsi də yalnız bir qurumun deyil, müəllimlərin, ekspertlərin, valideynlərin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Bununla yanaşı, hər bir irad konkret faktlar və müvafiq araşdırma mexanizmləri əsasında qiymətləndirilməlidir.

Xüsusilə vurğulanmalıdır ki, imtahanın çətinliyi ilə bağlı hər bir narahatlığı yanlış təsəvvür kimi qəbul etmək düzgün olmaz. Əsas məsələ əsaslandırılmış iradlarla ilkin emosional reaksiyaları fərqləndirmək, hər bir məsələyə obyektiv və peşəkar yanaşmaqdır. DİMin təqdim etdiyi araşdırma bu müzakirələr üçün faktlara əsaslanan zəmin yaradır.

İllərdir cəmiyyət qarşısında böyük məsuliyyət daşıyan imtahan sisteminin təşkili, qiymətləndirmənin etibarlılığının qorunması və ictimaiyyətlə dialoqun davam etdirilməsi ciddi zəhmət və prinsipiallıq tələb edir. Bu məsuliyyətli fəaliyyətə, şəffaflığın və obyektivliyin qorunması istiqamətində göstərilən səylərə, eləcə də məsələlərin elmi təhlil və açıq müzakirə müstəvisinə çıxarılmasına görə DİM rəhbərliyinə təşəkkür düşür.

Etimad yalnız görülən işlə deyil, həmin işin əsaslarının cəmiyyətə aydın şəkildə izah olunması ilə də möhkəmlənir. Faktlara söykənən dialoq, qarşılıqlı hörmət və davamlı təkmilləşmə isə təhsilimizin gələcəyinə xidmət edən ən doğru yoldur.