Bayram ərəfəsində böyük əfv olacaq? – “Çox istərdim ki...”

Azərbaycanda ilin sonuna qədər yeni əfv sərəncamının imzalanacağı ilə bağlı gözləntilər gündəmə gəlib. Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 23-də əfv sərəncamı imzalayıb və sənəd ümumilikdə 20 nəfərə şamil olunub. Onlardan 19-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bəs ilin sonuna qədər növbəti əfv sərəncamının imzalanması nə dərəcədə realdır?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu haqda Musavat.com-a danışıb: "Biz hüquq müdafiəçiləri ilin sonunda, dekabr ayında, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamının imzalanmasını arzulayırıq. Bizə məhkumlarla bağlı xeyli sayda müraciətlər daxil olur və biz də bu müraciətlər əsasında müvafiq addımlar atır, öz müraciətlərimizi edirik. Əfv Komissiyasının bir sıra üzvləri də bu istiqamətdə işlər görürlər. Buna görə ümidliyik və arzulayırıq ki, ilin sonunda genişmiqyaslı, böyük bir əfv sərəncamı imzalansın.

Əlbəttə, burada dövlətə, dövlətçiliyimizə qarşı təxribat törədən şəxsləri nəzərdə tutmuram. Onların əfv olunmasını düzgün hesab etmirəm. Mən çox istərdim ki, xüsusilə həbsdə olan jurnalistlər və blogerlər azadlığa buraxılsınlar. Bu gün Avropa Şurası Qarabağda insanların minaya düşməsini, mina partlayışları nəticəsində həlak olmasını və xəsarət almasını görməzlikdən gəlir, Ermənistanın bu məsələdə məsuliyyəti ilə bağlı etirazını bildirmir. Ancaq Azərbaycanda “siyasi məhbuslar var” deyərək ölkəmizə qarşı iradlar səsləndirirlər. Mən bu yanaşmanı düzgün saymıram. Bu baxımdan xüsusilə həbsdə olan jurnalistlərin azadlığa çıxmasını çox arzulayıram.

Əlbəttə, Azərbaycan Avropa Şurasının və ya Avropa İttifaqının diktəsi, istəyi ilə əfv qərarı vermir. Azərbaycan müstəqil dövlətdir və qanunsuzluq törədən şəxslər öz cəzalarını almalıdırlar. Ancaq düşünürəm ki, genişmiqyaslı əfv sərəncamı imzalansa, həbsxanalarda məhkumların sayı da azalar, bayram günlərində çoxsaylı ailələr sevinc yaşayarlar. İnsanların ailələrinə qovuşması, bayramı doğmaları ilə birlikdə keçirməsi çox böyük sevinc olardı. Bununla da biz bir daha bütün dünyaya göstərərik ki, Azərbaycan doğrudan da ləyaqətli dövlətdir. Belə bir qərar cəmiyyətimizdə bir daha həmrəylik və birlik hissini gücləndirər, xalqımızın birliyini nümayiş etdirər".