“Bu layihədə Rusiyanın iştirakı geosiyasi proseslərdən asılı ola bilər” – Politoloq

"TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı əsas müzakirələr Ermənistan və Amerika Birləşmiş Ştatları arasında aparılmalıdır. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüş zamanı bu layihə ilə bağlı üçtərəfli razılaşma əldə olunsa da, sonrakı proseslərin əsasən Ermənistanla ABŞ-ın qarşılıqlı fəaliyyətinin nəticəsi olaraq inkişaf edəcəyi gözlənilir".

Bu fikirləri Moderator.az-a politoloq Elşad Mirbəşiroğlu açıqlaması zamanı qeyd edib.

Politoloq bildirib ki, çünki layihə Ermənistan ərazisində reallaşdırılır. Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin zəruri komponentlərini artıq formalaşdırıb:

"Burada işlərin əhəmiyyətli hissəsi yekunlaşdırılıb. Ermənistan ərazisində isə təxminən 42-43 kilometr uzunluğunda dəmir yolu inşa edilməlidir. Bununla bağlı Ermənistan və ABŞ arasında TRIPP Development Company adlı şirkət də yaradılıb. Eyni zamanda, tərəflərin pay bölgüsü müəyyənləşdirilib. Səhv etmirəmsə, şirkətdə payın 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olmalıdır. Beləliklə, TRIPP layihəsində tərəflərin iştirak payları ilə bağlı çərçivə artıq müəyyənləşib.

Hazırkı razılaşmada Rusiyanın layihədə hansı formada iştirak edə biləcəyi və ya payçı kimi çıxış edib-etməyəcəyi ilə bağlı hələlik hüquqi imkan nəzərdə tutulmayıb. Ermənistan parlamentinin keçmiş sədri Simonyan Rusiyanın bu layihədə iştirak etməyəcəyini bildirmişdi. Lakin sonradan Ermənistanın baş naziri və bir sıra digər rəsmilər Rusiyanın müəyyən formada layihəyə cəlb oluna biləcəyini, o cümlədən dəmir yolunun inşasında iştirak edə biləcəyini söyləyiblər".

Elşad Mirbəşiroğlu vurğulayıb ki, əgər Rusiyanın belə bir iştirakı baş tutarsa, gələcəkdə layihənin idarə olunmasında iştirak məsələsi də müzakirə oluna bilər:

"Bu baxımdan, Ermənistanın hazırkı mövqeyi fərqli mənzərə ortaya qoyur. Belə ki, layihənin həyata keçirilməsində Ermənistan ABŞ-la birgə iştirak edir. Bununla yanaşı, başqa bir reallıq da var: Ermənistanın dəmir yolları sisteminə Rusiya nəzarət edir. Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənub Dəmir Yolları şirkəti Ermənistanda dəmir yolu sistemini idarə edir.

Gələcəkdə Zəngəzur dəhlizi çərçivəsində inşa olunacaq dəmir yolunun bu sistemə daxil edilib-edilməyəcəyi isə hələ də açıq qalan məsələdir. Ermənistanla Rusiyanın bu məsələni necə tənzimləyəcəyi ilə bağlı hazırda aydın təsəvvür yoxdur.

Mümkündür ki, Rusiya bu layihədə subpodratçı qismində iştirak etsin. Belə olan halda, gələcəkdə digər proseslərdə Rusiyanın iştirakı məsələsi də Ermənistanla Rusiya arasında müzakirə predmeti ola bilər. Ümumilikdə, ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən, bu multimodal dəhlizin idarə olunmasında Ermənistan hökuməti iştirak edəcək".

Daha sonra politoloq əlavə edib ki, hazırkı çərçivədə başqa iştirakçıların idarəetməyə cəlb olunması nəzərdə tutulmayıb:

"Bununla belə, siyasi və geosiyasi vəziyyət mövcud şərtlər daxilində sürətlə dəyişə bilər. Hazırkı reallıq ondan ibarətdir ki, layihə əsasən Ermənistan və ABŞ tərəfindən həyata keçirilir. Rusiyanın layihədə iştirak edəcəyi təqdirdə, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının necə təmin olunacağı məsələsinə də diqqət yetirmək lazımdır.

Hesab edirəm ki, bu dəmir yolu xəttinin yaradılmasında əsas məqsəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında multimodal dəhlizin formalaşdırılmasıdır. Bütün hallarda bu dəhliz öz təyinatı üzrə istifadə olunmalıdır. Azərbaycanla Naxçıvan arasında əlaqə təmin edilməli, maneəsiz kommunikasiya yaradılmalıdır. Əks halda, həmin dəmir yolunun inşasının əhəmiyyəti sual altına düşər.

Dəmir yolu hansısa regionda mövcud olan beynəlxalq dəhlizin tərkib hissəsi kimi nəzərdə tutulsа belə, bütün hallarda Azərbaycanla Naxçıvan arasında maneəsiz kommunikasiyanın təmin edilməsi vacibdir. Hesab edirəm ki, bu məsələ müzakirə predmeti olmamalıdır. Burada əsas məsələ Ermənistanla Rusiyanın sözügedən məsələ ilə bağlı münasibətlərini necə tənzimləyəcəyidir.

Mövcud vəziyyətdə həm Rusiyanın layihədə iştirakının mümkünlüyündən, həm də Ermənistanın hazırkı geosiyasi istiqamətini nəzərə alaraq bunun qeyri-mümkünlüyündən danışmaq olar. Hər bir halda, sürətlə dəyişən geosiyasi proseslər də mühüm təsir amili ola bilər.

Ümumiyyətlə, Ermənistan hələlik layihənin reallaşdırılması istiqamətində konkret əməli addımlar atmır. Hazırda Ermənistanla ABŞ arasında çərçivə razılaşması mövcuddur və qeyd etdiyim kimi, TRIPP Development Company adlı birgə şirkət yaradılıb. Hazırkı mərhələdə müşahidə olunan vəziyyət bundan ibarətdir".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor