Sahibə Qafarova Qazaxıstan Respublikası Qurultayının sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay ilə görüşüb.

Bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.

Aybek Dadebay ilk növbədə, Qurultayın sədri seçilməsi münasibətilə Sahibə Qafarovanın ünvanladığı təbrikə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin gündən-günə inkişaf etdiyi bildirilib. Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun mühüm olduğu vurğulanıb, onların birgə səyləri nəticəsində əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdiyi qeyd edilib. Tərəflər parlamentlərimizin TÜRKPA çərçivəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Aybek Dadebay Azərbaycan parlamenti ilə əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, parlamentlərarası əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sahibə Qafarova Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin möhkəm tarixi köklərə, ortaq mədəni-mənəvi dəyərlərə və xalqlarımızı birləşdirən qardaşlıq bağlarına əsaslandığını bildirib. O, dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Milli Məclisin sədri Aybek Dadebayı Qurultayın sədri seçilməsi münasibətilə bir daha təbrik edib və parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində birgə işləməyə hazır olduqlarını bildirib.