Qazaxıstan Qurultayının spikeri Aybek Dadebay ikitərəfli münasibətlərin gücləndirilməsi üçün Qazaxıstan və Azərbaycan parlamentariləri arasında müntəzəm təmasların saxlanılmasının vacibliyini vurğulayıb.
Qazaxıstan Qurultayının mətbuat xidmətinə istinadən, bu barədə o TÜRKPA-nın XV plenar iclası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
"Bu gün Qazaxıstan və Azərbaycan çoxəsrlik dostluq və ümumi dəyərlərlə birləşən strateji tərəfdaşlar və etibarlı müttəfiqlərdir. Ölkələrimiz arasında etibarlı siyasi dialoq qurulub, qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığı intensiv şəkildə inkişaf edir, mədəni-humanitar əlaqələr genişlənir. İkitərəfli münasibətlərin uğurlu inkişaf dinamikasını prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev müəyyən edir", - o bildirib.
Qurultayın spikeri parlamentlərarası qarşılıqlı fəaliyyətin mühüm rolunu və əməkdaşlıq qrupları, profil komitələri və parlamentlərarası təşkilatlar səviyyəsində müntəzəm təmasların saxlanılmasının zəruriliyini vurğulayıb.
Görüş zamanı Azərbaycan tərəfinə həmçinin Qazaxıstanda həyata keçirilən islahatlar və birpalatalı Qurultayın işi barədə məlumat verilib.
S.Qafarova isə qeyd edib ki, Qazaxıstandakı islahatlar zamanın tələblərinə uyğundur və yüksək səviyyədə həyata keçirilir. Onun sözlərinə görə, iki ölkə liderlərinin gələcəyə baxışları bir çox cəhətdən oxşardır, Qazaxıstan və Azərbaycan xalqlarını isə mənəvi qohumluq və ümumi tarixi köklər bağlayır.