Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd dezinformasiyadır

"Bəzi media orqanları və sosial şəbəkə hesablarında yayılan "Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd" iddiaları dezinformasiyadır".

Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, sözügedən görüntülər köhnə tarixə aiddir:

"Görüntülərin çəkildiyi vaxt Türk bayrağına qarşı mənfi hərəkət etməyə çalışan təxribata Azərbaycan vətəndaşları tərəfindən ilk və ən sərt reaksiya verilib. Türk bayrağının endirilməsi kimi bir hadisə baş verməyib”, – paylaşımda qeyd olunub.

Mərkəz vurğulayıb ki, köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi və kontekstdən çıxarılaraq yayılması Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə alır.

Bu cür manipulyasiyaya qarşı həssas və diqqətli olmaq barədə ictimaiyyətə çağırış edilib.