Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib

Bu ilin səkkiz ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) son statistik hesabatında bildirilir.

Ötən ilin eyni dövründə boşanma sayı 13 min 869, nikah sayı isə 31 min 403 olmuşdu.

Rəqəmlərin müqayisəsi göstərir ki, boşanma sayında (4.3 faiz) azalma olsa da, onun nikah sayına olan faiz göstəricisi artıb. Çünki nikah saylarında daha kəskin (15.7 faiz) azalma qeydə alınıb.

Ekspertlər Azərbaycanda ilk dəfə boşanma sayının nikah sayının 50 faizini keçməsini ən müxtəlif səbəblərlə izah edirlər. Onların vurğulamasına görə, bütünlükdə dünyada boşanmalar artır. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda sosial amillər, işsizlik və yoxsulluq da boşanma faizini yüksəldir.

Rəsmilər, hələlik, bu məsələni şərh etməyiblər.