Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə nüvə tərksilahı məsələlərini müzakirə etmək üçün üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.

Amerika lideri bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Belə bir görüşün keçirilməsi ehtimalı ilə bağlı suala cavab verən Tramp hələlik heç bir razılaşmanın olmadığını, lakin bu təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu deyib.

"Xeyr, amma bunu edərdim", - deyə ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, mümkün danışıqların əsas mövzusu nüvə silahları və nüvəsizləşdirmə məsələləri olacaq.

"Biz nüvə silahları və nüvəsizləşdirmə barədə danışmaq üçün görüş keçirərdik", – deyə Tramp əlavə edib.