"Bu hadisə İsrail cəmiyyətində hökumətin sağçı siyasətinə qarşı etirazların mövcudluğunu bir daha nümayiş etdirir..."
İsraildə sağçı-radikal siyasətçi, milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin iştirakı ilə keçirilən tədbir etirazlarla müşayiət olunub. Nümayişçilər onun çıxışını yarımçıq qoymağa məcbur edib. Bəzi məlumatlara görə nazir mühafizəçilərin müşayiəti ilə tədbir yerini tərk edib.
Moderator.az bu haqda Qətərin "Əl-Cəzirə”, İsrailin “Times of Israel”, “Walla”, “i24NEWS” nəşrlərinə istinadla xəbər verir.
Məlumata görə, nümayişçilər “Burada faşizm olmayacaq!” şüarı səsləndirib, nazir isə etirazçılarla mübahisəyə girərək “Bəs demokratiyaya nə oldu?” sualını ünvanlayıb.
“Əl-Cəzirə”nin 18 oktyabr tarixli məlumatına görə, etirazçılar tədbirin gedişinə müdaxilə edərək “Burada faşizm olmayacaq!” şüarını səsləndiriblər. Nümayişçilər oturaq aksiya keçirib, təhlükəsizlik əməkdaşları ilə qarşıdurma yaşanıb. Hadisəyə polis də müdaxilə edib.
İsrailin “Times of Israel” nəşrinin yazdığına görə, Ben-Qvirin tədbirdəki müsahibəsi etirazlar səbəbindən pozulub. Nazir auditoriyaya müraciət edərək “Bəs demokratiyaya nə oldu? Birdən başqa tərəfin səsi olanda onu eşitmək istəmirsiniz?” deyə etirazçılara irad bildirib.
Ben-Qvir iddia edib ki, etirazçılar daha əvvəl səhnəyə çıxan ərəb partiyalarının nümayəndələrinə və solçu “Demokratlar” partiyasının rəhbəri Yair Qolana qulaq asmağa hazır olsalar da, onun fikirlərini dinləmək istəmirlər.
İsrailin “Walla” və “i24NEWS” nəşrləri də hadisə barədə məlumat yayıb. Yerli medianın bildirdiyinə görə, Ben-Qvirin çıxışı zamanı bir qrup tələbə “Faşizm burada keçməyəcək!” şüarları səsləndirib və auditoriyadakı digər şəxsləri də etiraz etməyə çağırıb. Eyni zamanda, daha kiçik bir əks-aksiyaçı qrupun “Ərəblərə ölüm!” şüarı səsləndirdiyi bildirilib. Polis etirazçılara müdaxilə edib.
Ben-Qvir çıxışında 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunu xatırladaraq, hücum zamanı israillilərin siyasi baxışlarına görə fərqləndirilmədiyini iddia edib. O, Qəzza zolağının tamamilə ələ keçirilməsi ilə bağlı mövqeyini də təkrarlayıb.
İtamar Ben-Qvir İsrailin ən sərt sağçı siyasi fiqurlarından biri və “Yəhudi Gücü” partiyasının lideridir. Onun fələstinlilərə və Qəzza zolağına münasibətdə ifrat sağ radikal, faşizmə meyilli mövqeyi, eləcə də təhlükəsizlik siyasəti ölkə daxilində və beynəlxalq səviyyədə ciddi mübahisələrə səbəb olur.
Təl-Əviv Universitetində baş verənlər İsrail cəmiyyətində sağçı siyasətə qarşı etirazların mövcudluğunu bir daha göstərib.
S.Laçın