Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijitha Herath ilə görüşüb. Bu barədə Azərbaycan XİN məlumat yayıb.Nazirlər Azərbaycan-Şri-Lanka ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.Siyasi dialoqun gücləndirilməsinin, nazirliklərarası müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə əlaqələrin təşviqinin vacibliyini vurğulanıb. İkitərəfli əməkdaşlığın şaxələndirilməsi imkanları, xüsusilə turizm, enerji, təhsil, humanitar mübadilə və xalqlararası əlaqələr müzakirə olunub.Tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd imkanlarının araşdırılması və diplomatların peşəkar hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.Nazirlər, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri və Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi barədə fikir mübadiləsi aparıblar.Görüşdə çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin, dialoq və qarşılıqlı anlaşmanın təşviqinin, eləcə də Asiyada etimad quruculuğunun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan-Şri-Lanka münasibətlərinin daha da inkişaf etdirilməsində və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.