Almaniyanın Köln-Bonn hava limanında gömrük əməkdaşları sərnişinlərdən birinin çemodanında 37 zəhərli ilan və 55 kərtənkələ aşkarlayıblar.
Hadisə təxminən üç həftə əvvəl baş verib.
Meksikadan İstanbuldan keçməklə Almaniyaya gələn 45 yaşlı sərnişinin baqajında ümumilikdə 92 sürünən heyvan aşkar edilib.
Heyvanların şampun və krem qablarında, plastik qablarda, eləcə də, corabların arasında gizlədildiyi müəyyən olunub.
İlanlar arasında gürzələr və çınqıraqlı ilanlar da olub.
Gömrük əməkdaşları heyvanların qeyri-münasib şəraitdə daşındığını bildiriblər.
Məlumata görə, onların təxminən 30-u səfər zamanı və ya hadisədən sonra tələf olub.
Sağ qalan heyvanlara baytarlar tərəfindən yardım göstərilib və onlar ixtisaslaşmış sürünənlərə qulluq mərkəzinə aparılıblar.
Səlahiyyətli şəxslərin sözlərinə görə, sərnişin heyvanları Braziliyadan olan bir tanışına çatdırmaq üçün daşıdığını bildirib.
Almaniya hakimiyyəti sərnişinin ölkəyə girişinə icazə verməyib və onu geri göndərib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.