Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.