Normal view

Sırağagün

Elçin Bayramov: Moldovadakı Azərbaycan icması fəal inteqrasiya olunmuş etnik qruplardan biridir - MÜSAHİBƏ

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov "Report"un Şərqi Avropa bürosuna müsahibəsində diaspor fəaliyyəti, azərbaycanlıların bu ölkənin siyasi, iqtisadi, mədəni həyatında fəallığından, gələcək məqsədlərdən danışıb:

- Moldovadakı azərbaycanlılar yerli cəmiyyətə, siyasi mühitə və yerli idarəetməyə necə inteqrasiya olunurlar?

- Moldovadakı Azərbaycan icması ölkədə ən fəal şəkildə inteqrasiya olunmuş etnik qruplardan biridir. Biz öz mədəniyyətini və kimliyini diqqətlə qoruyan çoxmillətli Moldova cəmiyyətinin bir hissəsiyik.

Moldovada çoxsaylı mədəni, təhsil və elmi tədbirlər keçirən millətlərarası strukturların bir hissəsiyik. Bu işin bir hissəsi olaraq, tarixi vətənimizi yüksək səviyyədə təmsil edir, Moldova cəmiyyətini Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış edirik.

Diasporumuzda müxtəlif peşə sahibləri var: müəllimlər, həkimlər, hüquqşünaslar və Daxili İşlər Nazirliyinin əməkdaşları. Bu, Moldovadakı azərbaycanlıların bütün səviyyələrdə sosial və peşəkar həyata tam şəkildə inteqrasiya olunduqlarını göstərir.

Xüsusilə siyasi sahədə icma nümayəndəmizin olması ilə fəxr edirik: seçkilərdən sonra həmvətənlərimizdən biri Orhei şəhərinin meri oldu. Bu, Moldovadakı azərbaycanlıların yerli əhalinin etimadını qazandıqlarını və digər etnik namizədlərlə birlikdə yerli seçkilərdə uğurla iştirak edə biləcəklərini sübut edir.

Həmçinin Kişineu Şəhər meriyası ilə sıx əməkdaşlığımızı - paytaxtda birgə yaşıllaşdırma təşəbbüslərini, eləcə də xalqlarımız arasında dostluq və xatirə rəmzlərinə çevrilmiş Xarı Bülbül xiyabanı və Şuşa xiyabanının yaradılmasını vurğulamaq istərdim. Biz həmçinin yerli hakimiyyət orqanları, nazirliklər və səfirliklərlə sıx işgüzar əlaqələr saxlayırıq - onların nümayəndələri dəfələrlə icmamız tərəfindən təşkil edilən tədbirlərdə iştirak ediblər.

- Moldova Rumıniya vasitəsilə Avropaya inteqrasiyaya üstünlük verib. Bu ölkədən olan azərbaycanlıların Rumıniyadakı təşkilatının vəziyyəti necədir?

- Biz Moldovanın Avropadakı inkişafını yaxından izləyirik və buna Azərbaycan diasporu üçün yeni imkanlar açan təbii bir proses kimi baxırıq.

Hazırda işimiz əsasən icmanın ölkə daxilindəki mövqeyini gücləndirməyə və Moldova ilə Azərbaycan arasında mədəni, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafına yönəlib. Eyni zamanda, başa düşürük ki, Moldovanın Rumıniya və Avropa İttifaqı ilə daha sıx inteqrasiyası nəticədə qarşılıqlı əlaqə üçün yeni kanallar yaradacaq - o cümlədən Rumıniyanın özündə, eləcə də digər Aİ ölkələrində Azərbaycan icmaları və strukturları ilə.

Biz İsveçrədə və digər ölkələrdə Azərbaycan mərkəzləri və təşkilatları ilə mövcud qarşılıqlı əlaqələrimizə bənzər şəkildə Rumıniya və digər Avropa ölkələrindəki Azərbaycan diasporu ilə əməkdaşlığı inkişaf etdirməyə açığıq. Məqsədimiz harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıların bir-birlərinə dəstək və bağlılıq hiss etmələri və Moldovanın Avropaya inteqrasiyasını bir çətinlik kimi deyil, əlaqələri genişləndirmək üçün əlavə bir fürsət kimi qəbul etməyimizdir.

- Moldovadakı azərbaycanlıların gələcək hədəfləri nələrdir?

- Burada bir neçə əsas sahə müəyyən edilə bilər.

Birincisi, icmanın vətəndaş və siyasi fəallığını daha da gücləndirmək. İkincisi, mədəni irsin qorunması və gənc nəslə ötürülməsi. Üçüncüsü, incəsənət, musiqi və təhsil sahələrində birgə layihələr vasitəsilə Moldova cəmiyyəti ilə mədəniyyətlərarası dialoqun dərinləşdirilməsi, müxtəlifliyin ölkəni bölməkdənsə, zənginləşdirdiyini nümayiş etdirməkdir. Və nəhayət, diasporun ənənəvi olaraq iki xalq arasında körpü rolunu oynadığı Azərbaycan və Moldova arasında ikitərəfli - iqtisadi, diplomatik və humanitarın münasibətlərin möhkəmləndirilməsidir.

Əsas məqsədimiz Moldovadakı Azərbaycan icmasının uğurlu, ahəngdar inteqrasiya nümunəsi olaraq qalmasıdır.

Ukrayna HHQ: Rusiya ordusunun raket və PUA hücumu gözlənilir

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) əhaliyə xəbərdarlıq edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, xəbərdarlıqda yaxın bir sutka ərzində Rusiya ordusu tərəfindən bütün Ukrayna üzrə kütləvi hava zərbələrinin gözlənildiyi qeyd olunur.

"Bir neçə sutkadır bu hücuma hazırlaşan Rusiya ordusunun yaxın sutka ərzində bunu reallaşdırması gözlənilir. Zərbələrin bütün növ raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilməsi ehtimal olunur. Bütün əhalidən hava həyəcan siqnallarını iqnor etməməyi təkidlə xahiş edirik ", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Rusiyanın gözlənilən hücumu ilə bağlı Ukrayna Prezidenti Volodmir Zelenski tərəfdaşlarına mülki əhalinin müdafiəsi üçün "Patriot" sisteminə raketlərin tədarükü zərurətini xatırladıb.

Hürrəm Sultanın xatirəsinə vətəni Roqatində abidə ucaldılıb, adına küçə verilib

Osmanlı sultanı Süleymanın həyat yoldaşı Hürrəm Sultanın (Roksolana) xatirəsinə Ukraynanın İvano-Frankovsk vilayətinin Roqatin şəhərində abidəsi ucaldılıb, adına küçə verilib və tarix muzeyində mərkəz yaradılıb.

Roqatin Tarix Muzeyinin direktoru Olqa Balaqa "Report"un Şərqi Avropa bürosuna bildirib ki, hazırda bu bölgənin hər qadını Roksolananı öz əcdadı bilir:

"Roqatin Şərqi Qalisiyanın ən qədim şəhərlərindən biridir. Burada Osmanlı imperiyası və dünya tarixində məşhur qadınlardan biri olan Hürrəm sultan doğulub. Onun əsl adı bizim mənbələrdə Roksolana, digər adı isə Anastasiya Lisovskadır. Roksolana Roqatində Müqəddəs Ruhun Enməsi kilsəsində yerli keşişin qızı olub. Bu taxta kilsə indiyədək qorunub saxlanmış ən qədim dini tikililərdən biridir. 2013-cü ildə Ukraynanın ən qədim səkkiz taxta kilsəsindən biri kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib".

Direktor qeyd edib ki, Roksolananın Roqatindəki Müqəddəs Ruhun Enməsi kilsəsindən əsir kimi Osmanlı hərəminə aparıldığı iddia olunur:

"Müasir tarixçilər hesab edirlər ki, həmin dövrün ənənəsinə görə tatarların Şərqi Qalisiya ərazisinə hücumları zamanı yetkin qızları əsir götürmürdülər. Onlar əsasən üç-dörd yaşlı uşaqlar olurdu. Çünki həmin qız uşaqlarını dövrün qaydalarına uyğun yenidən öyrətmək, dili, ənənələri və dini öyrətmək daha asan olurdu. Ona görə də tədqiqatçılar onun xeyli əvvəl əsir götürüldüyünü hesab edirdilər. Amma bütün hallarda Roksolananın həmin kilsədən qaçırılması müxtəlif mənbələrdən təsdiqlənib. Onun 1506-cı ildə doğulduğu, 1530-cu ildə isə özündən 11 yaş böyük Sultan Süleymanla rəsmi şəkildə ailə qurduğu söylənilir. Roksolana sultana beş oğul və bir qız doğub. Oğullarından biri Osmanlı taxtının varisi olub".

Politoloq: Ultrasağçı qruplar Polşa və Ukrayna arasında gərginliyi qızışdırır

Polşa ilə qarşılıqlı münasibətlərimiz hazırda ağırdır, çətindir. Amma hu, köhnədən gələn məsələdir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynadan olan politoloq İvan Stupak son günlər Polşa və Ukrayna arasında artan gərginliyi şərh edərkən bildirib.

"Baxmayaraq ki, hələ Ukraynanın keçmiş prezidenti Leonid Kuçma və Polşanın keçmiş baş naziri Aleksandr Krasnetski dövründə artıq bu mövzuda barışma olub. Rəsmi Kiyev tərəfindən "Bağışlanmağımı xahiş edirəm və bağışlayıram" proqramı var idi. İki lider o vaxt bir-birinin üzrxahlığını qəbul etdi. Bütün mübahisələr iki ölkə arasında bununla bağlanmışdı. Amma görürsünüz, eyni məsələ yenidən ortaya çıxır", - deyə politoloq vurğulayıb.

İ. Stupak qeyd edir ki, həm Polşada, həm də Ukraynada müxtəlif kiçik ultrasağçı qruplar var ki, onlar bu məsələni təkrar-təkrar qaldırırlar: "Guya tarixən bütün məsələlər həll olunmayıb, yenə nəsə qaldırmaq, danışmaq, həll etmək lazımdır. Halbuki bir daha deyirəm, bunlar çoxdan keçmiş illərin hadisələridir ki, həqiqətən unutmaq lazımdır. Əks halda bu Polşa ilə Ukrayna arasındakı münasibətlərə çox pis təsir göstərir.

Polşa Ukraynanın əsas müttəfiqidir. Çünki Polşa ərazisində nəhəng Jeşuv-Lesenka qovşağı mövcuddur. Bu, Ukrayna üçün böyük miqdarda yüklərin keçdiyi aeroportdur. NATO yükləri, sursat və sair Ukraynaya buradan gəlir.

Hazırda ilk növbədə Ukraynanın yetkin mövqeyi olmalıdır. İncimək olmaz. Yəni bunun üçün Xarici İşlər Nazirliyi var. Gedin, görüşün, razılaşın. Amma gördüyümüz budur ki, rəsmi Kiyev uşaq küsəyənliyi göstərir. Tədricən, addım-addım, münasibətlər pisləşir.

Bu gedişlə münasibətlərin səviyyəsi Ukraynaya münasibətlərin təxmini düşmən mərhələsinə düşər. Münasibətlər, soyuqluq, ziddiyyətlilik və əlbəttə, Rusiya Federasiyasının bundan istifadəsi müşahidə olunacaq. Yüz faiz Moskva haradasa bu məqamla oynamağa çalışacaq. Haradasa Ukraynada, haradasa Polşada bu oyun hiss olunacaq. Avropa İttifaqının üzvü olan Polşa bizim Avropa istəklərimizə maneələr yaradacaq".

Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib

Yerli vaxtla saat 21:10 radələrində Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlə hücum edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, 5 ballistik raketin hamısı Ukrayna Hava Hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Raketlərin qalıqları Dnepr çayının sol sahilində boş əraziyə düşüb.

Rumıniya Deputatlar Palatası Moldova ilə birləşməyə dair qanunvericilik sənədini təsdiqləyib

Rumıniyanın Deputatlar Palatası Moldova ilə birləşməyə dair qanunvericilik sənədini səsvermə olmadan təsdiqləyib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ölkənin ultra-sağçı "S.O.S. Romania" Partiyasının deputatları tərəfindən parlamentin aşağı palatasına təqdim edilən qanunvericilik təşəbbüsü parlamentin müzakirə və ya yekun səsvermə başlatmadığı üçün 45 günlük müddətdən sonra avtomatik təsdiqlənmiş hesab olunub.

Moldova ilə birləşmə layihəsi bundan sonra Senata təqdim edilib.

Ukrayna Miqrasiya Xidmətinin rəhbəri: Ölkəmizin lehinə döyüşən əcnəbilər üçün vətəndaşlıq almaq proseduru asanlaşır

Ukrayna 2016-cı ildən 2026-cı ilə qədər bu ölkənin ərazi bütövlüyü uğrunda döyüşən əcnəbilərin vətəndaşlıq əldəetmə prosedurunu sadələşdirəcək.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko deyib.

Onun sözlərinə görə, Ukrayna vətəndaşlığını almaq üçün həmin şəxslərin bundan əvvəlki ölkənin vətəndaşlığından çıxmasına ehtiyac yoxdur:

"2016-cı ildən 2026-cı ilə qədər Ukrayna ardıcıl və sistemli şəkildə, daim ərazi bütövlüy uğrunda döyüşən əcnəbilərin Ukrayna vətəndaşlığını əldə etmək prosedurunun sadələşdirilməsi üzərində işləyirik. Əgər onun qüvvədə olan hərbi müqaviləsi varsa və ya o döyüşübsə, yetərlidir. Şəxsin hərbi müqavilə bağladıqdan sonra, bir il sonra Ukrayna vətəndaşlığı üçün müraciət etməyə imkanı var. O ya mühacirət icazəsi sənədləşdirə bilər, ya da Ukrayna vətəndaşlığı ala bilər. Həmçinin belə şəxslər üçün miqrasiya məsələlərində çıxış da sadələşdirilib. Ukrayna dili, tarix və Konstitusiyanın bilinməsi imtahanı üzrə möhlət var. Bu da vacibdir. Çünki ön cəbhədə döyüşmüş insan dərhal belə imtahanları verə bilməz".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Ukrayna təhlükəsizliklə bağlı 70 ölkəni riskli siyahıya daxil edib

Ukraynada təhlükəsizliklə bağlı 70 ölkənin daxil olduğu riskli siyası tərtib edilib.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko deyib.

Onun sözlərinə görə, təhlükəsizlik amili bu gün xarici vətəndaşların Ukrayna ərazisinə buraxılmasında əsas müəyyənedici amildir:

"Müharibənin başlanması ilə təhlükəsizlik protokolları kökündən dəyişdi. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti hüquq-mühafizə orqanları ilə birgə bu dörd il ərzində, Ukrayna ərazisində daimi, müvəqqəti yaşayış icazəsi rəsmiləşdirən və ya bu cür icazələrin rəsmiləşdirilməsi prosedurlarına və ya vətəndaşlığın rəsmiləşdirilməsi prosedurlarına daxil olan bütün xarici vətəndaşların profillərini yoxladı. Biz təhlükəsizlik amilinə təsir edə biləcək şəxsləri aşkara çıxarmaq üçün daim ölkə ərazisində həm müstəqil olaraq, həm Ukrayna Təhlükəsizlik Xidməti ilə, həm Ukrayna Milli Polisi ilə miqrant əməliyyatları keçiririk. Əgər diversantlar və ya xaricdən agentlər haqqında danışırıqsa, bir neçə müstəvidə danışaq".

Xidmət rəhbəri deyib ki, Ukrayna ərazisinə giriş üçün viza almağa cəhd edəndə, Ukrayna XİN işə qarışır və bu da təhlükəsizlik yoxlamasının ilk mərhələsidir:

"Həmçinin bizdə riskli ölkələr siyahısı var. Bu siyahıda 70-dən çox ölkədir. Onların həm sənədlərini, həm əlaqələrini, həm tarixçələrini, həm sosial şəbəkələrdəki fəallıqlarını, həm Ukraynada vəziyyətlə bağlı dediklərini və s. daha dərin yoxlayırıq".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb.

G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan - Odessanın prokuroru, 2015-ci ilin dekabrından - Odessa vilayəti prokurorunun müavini postunu tutub.

Ukrayna hakimiyyəti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.

Natalya Naumenko: Ukraynada müvəqqəti yaşayış vəsiqəsi alanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır

Ukraynada yaşayış üçün müvəqqəti vəsiqə alanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko deyib.

Onun sözlərinə görə, 2026-cı ildəki vəziyyətə görə Ukraynada təxminən 354 min əcnəbi və vətəndaşlığı olmayan şəxs yaşayır:

"Onlardan 305 mindən çoxu daimi əsasla yaşayır. Yəni mühacirət icazəsi və müvəqqəti yaşayış vəsiqəsi var. Daha 48 minin müvəqqəti yaşayış vəsiqəsi var. Yəni indi biz deyirik ki, Ukraynada 354 min xarici vətəndaş var. Bu, ölkənin bütün əhalisinin təxminən 1 %-dir. Bunların təxminən yarısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu, təxminən 151 min nəfərdir. Sonra Moldova vətəndaşları gəlir – 21 min nəfər, Azərbaycan vətəndaşları – 17 mindən çox nəfər. Daha sonra Ermənistan, sonra Gürcüstan, Belarus, Özbəkistan, Vyetnam gəlir".

Xidmət rəhbəri qeyd edib ki, müvəqqəti vəsiqələrdən söhbət gedirsə, yaşayış üçün bunların böyük əksəriyyətini Ukraynada Azərbaycan vətəndaşları alıb:

"Bu, 4 000-dən çox nəfərdir. Sonra Türkiyə, həmçinin 4 000-dən çox nəfər, Moldova, Belarus, ABŞ, sonra Hindistan, Özbəkistan, Gürcüstan, Çin və İsrail gəlir. Buna görə də biz indi bu şəkildə özümüz üçün miqrasiya xəritəsini çəkdik ki, anlayaq bu gün Ukraynada miqrasiya vəziyyəti necədir".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Natalya Naumenko: Müharibə başlayandan Ukraynanı 8 milyon vətəndaş tərk edib - MÜSAHİBƏ

Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Rusiya ilə müharibə başlayandan sonra miqrasiya sahəsində olan vəziyyət, hərbi əməliyyatlarla əlaqədar köçən əhali və ölkəyə gələn əcnəbilərlə bağlı prosedurlar və miqrantlarla bağlı siyasətdən danışıb:

- Müharibə şəraitində miqrasiya şərtləri necə dəyişib?

- Rusiyanın başladığı tammiqyaslı müharibə nəticəsində bütün sahələrdə çox əhəmiyyətli dəyişikliklərə məruz qaldıq. Və təəssüf ki, bu dəyişikliklər müsbət olmadı. Miqrasiya vəziyyəti ilk növbədə vətəndaşlarımızın xaricə çıxması ilə dəyişdi. Bu gün söhbət Ukraynanı tərk edən təxminən 8 milyon vətəndaşdan gedir. Əlbəttə, dövlət bu gün ilk növbədə onlarla əlaqəni itirməmək üçün mümkün olan hər şeyi edir.

Bunun üçün Dövlət Miqrasiya Xidmətinin xaricdəki səlahiyyətlərini "Dokument" Dövlət Müəssisəsi nümayəndəliyimiz vasitəsilə genişləndirdik. Bu müəssisə bu gün Avropa ölkələrində, Kanadada fəaliyyət göstərir. Bu il Birləşmiş Ştatlarda əməkdaşlığımızı genişləndirəcəyik.

Bu o deməkdir ki, xaricdə olan hər bir vətəndaş bizə, nümayəndəliyimizə, filialımıza müraciət edə, özünə ID-kart, xarici pasport düzəldə bilər. Beləliklə, dövlət vətəndaşı ilə əlaqəni itirmir.

Əcnəbi vətəndaşların miqrasiya ilə məsələlərinə gəldikdə, burada bir sıra məqamlar var. Birincisi, Rusiya Federasiyası vətəndaşlarının Ukrayna ərazisində qalma şərtlərini xeyli sərtləşdirdik. Bəllidir ki, bizdə Rusiya vətəndaşlarına viza rejimi tətbiq edilib və Ukrayna ərazisinə keçmək üçün bu vətəndaşlar bir sıra təhlükəsizlik yoxlamalarından keçməlidir. Yoxlamanı Ukrayna Təhlükəsizlik Xidməti, sərhəd və əlbəttə, miqrasiya xidməti həyata keçirir.

Bundan əlavə, bizdə belə bir vəziyyət var idi ki, müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış icazəsi olan şəxslər öz icazələrini müharibə səbəbi ilə dəyişdirə bilmirlər, lakin Ukrayna ərazisində qalmaq istəyirlər. Buna görə 2022-ci ildə hətta icazənin müddəti bitmiş olsa belə, onu dəyişdirməyə imkan veriilməsi barədə qərar qəbul edildi. Bununla da, həmin şəxs Ukraynada qanuni əsaslarla qalan şəxs sayılır.

Biz bu qaydaları indi dəyişdik. Yəni müvəqqəti yaşayış icazəsinin müddəti bitmiş insanlar onu dəyişdirməli və ya başqa yolla öz hüquqi statuslarını tənzimləməlidirlər. Bundan əlavə, ölkəmizin ərazi bütövlüyünü qorumaq istəyən, Silahlı Qüvvələrimizdə müqavilə bağlamış əcnəbilərin Ukrayna ərazisinə buraxılması və icazə sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı əhəmiyyətli sadələşdirmələr edildi. Bu ilin mayına qədər belə əcnəbilər üçün hərbi bilet şəxsiyyəti təsdiq edən sənəd idi.

Eyni zamanda, bu gün bizdə Avropa İttifaqı qarşısında öhdəliklər var. Biz miqrasiya qanunvericiliyimizi maksimum dərəcədə Avropa inteqrasiya tələblərinə uyğunlaşdırırıq. Bu, ilk növbədə, 2024-cü ilin mayında Avropa İttifaqı tərəfindən qəbul edilmiş miqrasiya sığınacağı paktıdır. Miqrasiya qanunvericiliyimizə yenidən baxdıq. Hökumət tərəfindən təsdiq edilmiş "yol xəritəmiz" var. Artıq parlamentdə bizim üçün vacib olan bir qanun layihəsi var. Bu layihə "Ukrayna ərazisində iş məqsədi ilə olan əcnəbilər üçün vahid iş icazəsi" adlanır.

Sənəd Ali Rada tərəfindən qəbul edildikdən sonra ümid edirik ki, əcnəbi vətəndaşların əmək bazarına çıxış prosedurları əhəmiyyətli dərəcədə sadələşdiriləcək. Bu prosedurlar təkmilləşdiriləcək, həm dövlət, həm əcnəbi, həm də işəgötürən üçün daha aydın və şəffaf olacaq.

- Müharibə başlayandan bu günə vətəndaşlıq alanlar və ya vətəndaşlıqdan məhrum edilənlər barədə statistikanı deyə bilərsinizmi?

- Gəlin iki məsələni bir birindən ayıraq. Bunlar müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilərdir. Sonra isə vətəndaşlıq hissəsinə keçəcəyik. Əgər daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilərdən danışırıqsa, 2026-cı ildəki vəziyyətə görə Ukraynada təxminən 354 min əcnəbi və vətəndaşlığı olmayan şəxs yaşayır. Onlardan 305 mindən çoxu daimi əsasla yaşayır. Yəni mühacirət icazəsi və müvəqqəti yaşayış vəsiqəsi var.

Daha 48 min nəfərin müvəqqəti yaşayış vəsiqəsi var. Yəni indi biz deyirik ki, Ukraynada 354 min xarici vətəndaş var. Bu, ölkənin bütün əhalisinin təxminən 1 %-dir. Bunların təxminən yarısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu, təxminən 151 min nəfərdir. Ardınca da Moldova (21) və Azərbaycan vətəndaşları – (17 mindən bir qədər çox) gəlir. Ardınca da Ermənistan, Gürcüstan, Belarus, Özbəkistan, Vyetnam vətəndaşları gəlir. Dərhal deyim ki, Rusiya vətəndaşları yeni gələnlər deyil. Bunlar müharibədən əvvəl Ukraynada yaşayanlardır. Və bir qayda olaraq, bunlar ailələri və ya uşaqları olan vətəndaşlardır. Arvad və ya ər Ukrayna vətəndaşıdır və ya uşaqlar Ukrayna vətəndaşlarıdır. Çünki daimi yaşayış vəsiqələrinin, yəni Ukraynanın verdiyi mühacirət icazələrinin böyük əksəriyyətinin əsası məhz ailələrin birləşməsidir.

Əgər müvəqqəti vəsiqələrdən danışırıqsa, yaşayış üçün bunların böyük əksəriyyətini bizdə Azərbaycan vətəndaşları alıb. Bu şəxslərins ayı dörd mindən çoxdur. Sonra Türkiyə (4 mindən çox), Moldova, Belarus, ABŞ, sonra Hindistan, Özbəkistan, Gürcüstan, Çin və İsrail gəlir. Biz bu səbəbdən özümüz üçün miqrasiya xəritəsini çəkdik və istədik ki, görək Ukraynada miqrasiya vəziyyəti necədir.

- Xaricdən gələn təxribatçı və casus təhlükəsinə qarşı miqrasiya sahəsində hansı tədbirlər görülür?

- Həqiqətən təhlükəsizlik amili bu gün xarici vətəndaşların Ukrayna ərazisinə buraxılmasında əsas müəyyənedici amildir. Müharibənin başlaması ilə təhlükəsizlik protokolları kökündən dəyişdi. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti hüquq-mühafizə orqanları ilə birgə bu dörd il ərzində, Ukrayna ərazisində daimi, müvəqqəti yaşayış icazəsi rəsmiləşdirən və ya bu cür icazələrin rəsmiləşdirilməsi prosedurlarına və ya vətəndaşlığın rəsmiləşdirilməsi prosedurlarına daxil olan bütün xarici vətəndaşların profillərini yoxladı.

Biz təhlükəsizlik amilinə təsir edə biləcək şəxsləri aşkara çıxarmaq üçün daim ölkə ərazisində müstəqil, həmçinin Ukrayna Təhlükəsizlik Xidməti və polislə miqrant əməliyyatları keçiririk. Əgər diversantlar və ya xaricdən agentlər haqqında danışırıqsa, bir neçə müstəvidə danışa bilərik.

Birincisi, Ukrayna ərazisinə giriş üçün viza almaq üçün müraciət edilirsə, bizim XİN işə qarışır - bu, təhlükəsizlik yoxlamasının ilk mərhələsidir. Həmçinin bizdə riskli ölkələr siyahısı var. Bu siyahıda 70-dən çox ölkə var. Onların sənədlərini, əlaqələrini, tarixçələrini, sosial şəbəkələrdəki fəallıqlarını, Ukraynada vəziyyətlə bağlı dediklərini və s. dərindən yoxlayırıq.

- Ukraynada döyüşən əcnəbilər üçün ölkə vətəndaşlığının alınmasının nə vaxt sadələşdiriləcəyi barədə cəmiyyətdə suallar yaranır. Ümumiyyətlə bu gözlənilirmi?

- 2016-cı ildən 2026-cı ilə qədər Ukrayna ardıcıl və sistemli şəkildə, daim ərazi bütövlüyümüz uğrunda döyüşən əcnəbilərin Ukrayna vətəndaşlığını əldə etmək prosedurunun sadələşdirilməsi üzərində işləyirik. Ukrayna vətəndaşlığını almaq üçün indi həmin şəxslərin bundan əvvəlki ölkənin vətəndaşlığından çıxmasına ehtiyac yoxdur.

Əgər onun qüvvədə olan hərbi müqaviləsi varsa və ya o döyüşübsə, yetərlidir. Şəxsin hərbi müqavilə bağladıqdan bir il sonra Ukrayna vətəndaşlığı üçün müraciət etməyə imkanı var. O ya mühacirət icazəsi sənədləşdirə, ya da Ukrayna vətəndaşlığı ala bilər.

Həmçinin belə şəxslər üçün miqrasiya məsələlərində çıxış da sadələşdirilib... Ukrayna dili, tarix və Konstitusiya üzrə imtahan möhləti var. Bu da vacibdir. Çünki ön cəbhədə döyüşmüş insan dərhal belə imtahanları verə bilməz.

- İstənilən müharibədən sonra ölkənin kütləvi bərpası mərhələsi başlayır. Ukraynada gedən müharibənin geniş miqyasını və dağıntıların genişliyini nəzərə alsaq çoxlu işçi qüvvəsi tələbatı hiss olunur. Əmək miqrasiyası nəzərdə tutulurmu?

- Bu gün Ukrayna cəmiyyətində, bütün dairələrdə əmək miqrasiyası ilə bağlı, ehtiyac duyulan miqrantların sayı və müharibədən sonra nə baş verəcəyi ilə bağlı sərt və çox əhəmiyyətli müzakirə aparılır. Mən, ümumiyyətlə, deyirəm ki, əmək miqrasiyası tamamilə təbii bir prosesdir. Bu olub və olacaq da. Kim nə deyirsə desin və ölkənin gələcəyini necə görürsə görsün.

Müharibədən əvvəl 21 mindən çox işə düzəlmə icazəsi verilmişdi. İndi bu rəqəm 8-9 mindir. Və təbii ki, Ukraynanın nə qədər işçi qüvvəsinə ehtiyacı olacağı barədə danışmaq, ancaq müharibədən sonra mümkün olacaq. İnsanlarımız müharibədən qayıdıb iş yerlərini tutanda, iqtisadiyyatın dirçələcək, tikinti başlayacaq. O zaman biz iqtisadiyyatın real sahəsində nə qədər və kimə ehtiyacımız olduğunu görəcəyik.

Təbii ki, bu mənim şəxsi fikrimdir. Və buna görə də biz deyə biləcəyik ki, nə qədər bizə insan lazımdır. Bunlar tamamilə təbii proseslərdir və biz bunu sakitcə qəbul edirik. Fərqi yoxdur, ixtisaslı işçi qüvvəsi hansı ölkədən gələcək və əsas odur ki, insanlar burada işləsinlər.

Şəxsən mən, Ukrayna ilə tarixi, sıx, dostluq əlaqələri olan və tarixən bu əmək prosesinə inteqrasiya olunmuş ölkələrə üstünlük verirəm. Məsələn, müharibədən əvvəl türklər bizdə əla yollar tikir, azərbaycanlılar biznesdə aktiv idilər. Belaruslar isə əla həkimlər idilər.

- Bu günlərdə Kiyevin mərkəzində "Ukrayna ukraynalılar üçündür!" şüarı ilə miqrantlara qarşı mitinq keçirilib. Bunun sosial səbəblərini şərh etmək olarmı?

- Əslində belə hadisələr Ukraynada əvvəllər də olub. 2016-cı ildə Kiyev vilayətində qaçqınların yerləşdirilməsi məntəqəsini açdığım zaman orada çoxlu mitinqlər olurdu, insanlar əcnəbilərə qarşı idilər. Biz manipulyasiya haqqında danışırıq. İndi insanların real əhval-ruhiyyəsi haqqında danışmırıq. Rusiya belə vəziyyətdən bizə qarşı çox yaxşı istifadə edir. Bizimkilər cəbhədə həlak olanda onların guya xaricilərlə əvəz etməyə çalışırlar kimi şayiələr yayırlar.

Bütün bunlar psixoloji əməliyyatdır və onları təhlil etdik. Həm bizim, həm rus telegram-kanallarını analiz etdik və ilkin mənbəni, bunların haradan başladığını aşkar etdik. Bəzən, ola bilsin, müəyyən ukraynalı ekspertlərin çox korrekt olmayan ifadələri ilə, onlar özlərinə ukraynalıların əvəz ediləcəyini və ya Ukrayna əhalisinin miqrantlarla əvəz ediləcəyini söyləməyə imkan verirlər.

Ona görə də burada cəmiyyətlə ünsiyyət qurmaq vacibdir. Cəmiyyətə normal formatda əmək miqrasiyasının dövlətin iqtisadi dirçəlişi üçün bir şans olduğunu çatdırmaq vacibdir.

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana yola salınıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Mariupol şəhərindən qaçqın düşən ailələrin övladlarının yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və səfirliyin müşaviri Fərid Babayev də iştirak edib.

Səfir Seymur Mərdəliyev bildirib ki, Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarını, dəstəyini davam etdirəcək. Mariupol merinin müavini Yuri Pivovarov isə vurğulayıb ki, bu gün 30-dan çox uşaq yola salınır:

"Bu gün burada olmaq, mariupollu uşaqların ilk qrupunu Azərbaycana yola salmaq mənim üçün böyük şərəfdir. Uşaqlar reabilitasiyadan keçəcəklər və buna görə Azərbaycana təşəkkür edirik. Biz onları ilk dəfə sağlamlıq-istirahət məqsədilə Azərbaycana göndəririk. Biz bunu son dərəcə yüksək qiymətləndiririk"-deyə, o, əlavə edib.

Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçəcək.

Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Rusiya ordusunun Kiyevə gecə hücumu - FOTOREPORTAJ

Xəbər verildiyi kimi, mayın 24-nə keçən gecə Rusiya ordusu Kiyevə kütləvi hücum edib. Son məlumatlara görə, nəticədə iki nəfər həlak olub, 56 nəfər xəsarət alıb.

"Report"un Şərqi Avropa bürosu Rusiyanın hücumuna məruz qalan ərazilərdə olub.

Hücumun bina və infrastruktur obyektlərinə vurduğu zərəri özündə əks etdirən fotoreportajı təqdim edirik:

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb.

Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb.

Qeyd edək ki, bu hal birinci dəfə deyil ki, yaşanır. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib.

Fransina Armenqol: İspaniya Ukraynanın Aİ-yə tez qəbulunu dəstəkləyir

İspaniya Ukraynanın Avropa İttifaqına (Aİ) mümkün qədər tez qəbulunu tam dəstəkləyir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu İspaniya Krallığının deputatlar Konqresinin sədri Fransina Armenqol bildirib.

"Üzvlük perspektivi Avropa İttifaqının Ukraynanın azadlığına, müstəqilliyinə və suverenliyinə sarsılmaz dəstəyinin ən aşkar əlaməti olacaq. Bu gün parlamentin divarlarında Ukraynanı bu perspektivi dönməz hala gətirmək üçün səylə çalışmağa çağırıram", - deyə o əlavə edib.

Azərbaycan vətəndaşları Ukraynada müvəqqəti yaşama icazəsi alan əcnəbilərin sırasında ikincidir

Azərbaycan vətəndaşları son bir ildə Ukraynada müvəqqəti yaşama icazəsi alan əcnəbilər arasında ikinci olublar.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyevdə azərbaycanlılara məxsus vəkil bürosunun rəhbəri Şəmsi Məhərrəmov bildirib.

"Bu, sabit bir tendensiyadır. Belə statistikaya səbəb isə əvvəlki illərdən fərqli olaraq hazırda bura müvəqqəti gələn azərbaycanlıların leqal sənədləşməyə üstünlük verməsidir.

Daha çox təhsil, ailə səbəbindən və ya biznes ilə əlaqədar bu icazə üçün müraciət edilir", - Ş. Məhərrəmov deyib.

Vəkil bildirib ki, Ukraynaya yeni gələnlər üçün ən vacib məsləhət indiki durumda ilk gündən etibarən hüquqi statusları düzgün qurmaqdır: "Tələsik və ya düşünülməmiş addımlar, eləcə də şübhəli və ya formal əsaslara söykənən həll yolları gələcəkdə ciddi problemlər yarada bilər.

Qanunvericiliyin tələblərinə əməl etməmək, sənədləşmə prosesinə məsuliyyətsiz yanaşmaq və ya real əsaslara söykənməyən hüquqi mexanizmlərdən istifadə etmək çox vaxt mənfi nəticələrlə bitir - müraciətlərə rədd cavabı verilməsi, sənədlərin ləğvi və hətta ölkəyə giriş qadağası ilə. Azərbaycan vətəndaşları Ukrayna ərazisində 90 gün müddətində qala bilərlər. Bu müddət hətta 1 gün belə aşılarsa, Ukraynaya giriş qadağasına səbəb ola bilər. Buna görə də hər bir addım əvvəlcədən düşünülməli və hüquqi baxımdan düzgün qurulmalıdır".

Ukraynada Prezident Ofisinə yeni müşavir təyinatı qalmaqal yaradıb

Ukraynada Prezident Ofisinin rəhbəri Kirik Budanova yeni müşavir təyin olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu posta keçmiş prezident Viktor Yanukoviçin yaxını, onun dövründə Baş nazirin müavini olmuş oliqarx Sergey Tiqipko təyin edilib.

Təyinat Ukrayna ictimaiyyətində geniş rezonansa və narazılığa səbəb olub.

Qeyd edilib ki, təyinat ictimaiyyətə açıqlanmadan, mətbuat yazdıqdan sonra aşkar edilib.

İrpendə Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib

Ukraynanın İrpen şəhərində aprelin 28-də azərbaycanlı oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin diplomatları, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, İrpen və Borodyanka şəhər meriyasının rəhbərliyi, 12 saylı "Linqvist" liseyinin müəllim və şagirdləri, diaspor üzvləri tərəfindən Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə çiçəklər düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Səfir Seymur Mərdəliyev Zərifə Əliyevanın zəngin həyat təcrübəsindən, iki ölkə arasında dostluq münasibətlərindən, dövlətimizin İrpenin bərpasına göstərdiyi dəstəkdən danışıb.

İrpen şəhər merinin səlahiyyətlərini icra edən Anjela Makeyeva isə çıxışında bildirib ki, Zərifə Əliyeva tək Azərbaycanda deyil, həm də Ukraynada daim yad edilir:

"Azərbaycan xalqı ilə birlikdə görkəmli oftalmoloq Zərifə xanımın xatirəsini doğum günündə ehtiramla yad etmək, gül dəstələri qoymaq bizim üçün şərəfdir. Dost Azərbaycan xalqından bizə kömək gəlməkdə davam edir. Azərbaycan bu çətin gündə bizimlə çiyin-çiyinə olduğu üçün Azərbaycan dövlətinə, xalqına təşəkkürümü bildirirəm".

Sonra akademik Zərifə Əliyeva adına 12 saylı "Linqvist" liseyin şagirdləri Azərbaycan dilində şeirlər və musiqi səsləndiriblər.

Tədbir çərçivəsində İrpen şəhər Meriyası tərəfindən qardaşlaşmış Laçın rayonuna bağışlanan kitablarla tanış olunub. Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin birgə təşəbbüsü ilə akademikin adını daşıyan "Dostluq" parkında ağacəkmə aksiyası keçirilib. Parkın müxtəlif hissələrinə sakura ağacları əkilib.

Tədbirin sonunda iştirakçılar 12 saylı "Linqvist" liseyinə gələrək akademik Zərifə Əliyevanın adını daşıyan muzeydə olublar.

Katerina Kop: Kiyevə Rusiyanın hücumu nəticəsində 17 çoxmənzilli yaşayış binası dağıdılıb

Rusiyanın Ukraynaya bu gecə hücumu nəticəsində paytaxt Kiyevin 14 yerində dağıntılar olub.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyev şəhər hərbi administrasiyanın rəsmisi Katerina Kop bildirib.

O bildirib ki, həlak olan insanlar arasında bir uşaq da var.

"Hücum nəticəsində 60 nəfərin yaralandığı məlumdur. Onlardan 30-u paytaxtın tibb müəssisələrinə hospitalizasiya edilib. 25-nə ambulator yardım göstərilib. Bir hissəsinə isə yerində yardım göstərilib. Düşmən qəsdən mülki infrastruktura hədəf alıb, həmçinin hadisə yerinə gələn təcili tibbi yardım işçiləri və Milli Polis əməkdaşları da zərər çəkənlər arasındadır", - o deyib.

K.Kop bildirib ki, ən çox dağıntılar Kiyevin Podol və Obolon rayonlarında qeydə alınıb:

"Ümumilikdə 17 çoxmənzilli yaşayış binası dağılıb, həmçinin 10 fərdi ev xəsarət alıb. Bütün bu evlərin sakinləri hazırda evlərini itirmiş durumdadırlar. Yaşayış binaları zədələnmiş yerlərdə humanitar qərargahlar yaradılıb".

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin rəsmisi, polkovnik Oleksandr Xorunjiy isə "Report"a bildirib ki, ötən gecə Rusiyanın hücumundan ən çox zərər çəkən Kiyev, Dnepr, Odessa və Xarkov vilayətləri olub:

"Bizdə 16 həlak olan barədə məlumat var. Dörd vilayətdə 110-dan çox insan yaralanıb. Ən çox yaralanlar Kiyev və Odessa vilayətlərindədirlər".

O bildirib ki, partlayışlar nəticəsində yaranan bütün yanğınlar söndürülüb.

"Lakin qəza-xilasetmə işləri davam edir. Biz istisna etmirik ki, bəlkə daha kimisə dağıntılar altdan tapaq. Bütün uçqunları, bütün əraziləri yoxlamayana qədər biz bu barədə danışa bilmərik. Nəticələrinin aradan qaldırılmasına 700-dən çox xilasedici və FHX-nin 130-dan çox əsas xüsusi texnika vahidi cəlb edilib".

Polkovnik bildirib ki, Rusiya tərəfi ikiqat zərbələr taktikasını tətbiq edir, yəni ilk hücuma görə həkimlər, xilasedicilər hadisə yerinə gələndən sonra həmin yerə ikinci zərbə vurulur:

"Xüsusilə, bu gün zərbə vurulan yerlərin birində təcili tibbi yardım həkimləri, həmçinin polislər zərər çəkib".

Rusiyanın hücumu nəticəsində Kiyevdə altı nəfər ölüb - FOTOREPORTAJ

Rusiyanın bu gecə Ukraynanın bir neçə vilayətinə, o cümlədən paytaxt Kiyevə hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ölənlərdən 3-ü vəzifələrini həmin zaman icra edən polis əməkdaşları olub.

Məlumata görə, paytaxtda zərbələrdən ən çox zərər görən Podolsk, Şevçenko, Obolon, Şevçenkovski rayonları olub. Ukrayna Mərkəzi poçtunun iki filialı da tamamilə dağıdılıb.

"Report" Kiyevdə gecə hücumundan sonra dağıntıları əks edən fotoları təqdim edir:

İrpen merinin müavini: Bu il şəhərimizdə Azərbaycanın sayəsində genişmiqyaslı bərpa gözləyirik

İrpen şəhər merinin I müavini Oleksandr Paşinski bu il şəhərdə Azərbaycanın sayəsində genişmiqyaslı bərpanın işlərinin aparılacağını gözlədiklərini bəyan edib.

"Report"un Şərqi Avropa bürosuna açıqlamasında O.Paşinski Ukraynaya tammıqyaslı hərbi müdaxilədən sonra şəhərin sosial infrastrukturunun 80 %-nin dağıldığını bildirib.

"Azərbaycanın sayəsində böyük lisey, mərkəzi xəstəxanamız bərpa olundu. Biz indi perspektivdə Azərbaycan ilə dörd obyektin yenidən qurulması planlaşdırırıq", - o deyib.

Merin müavininin sözlərinə görə, Azərbaycanın öz üzərinə götürdüyü layihələr arasında dağıdılmış yeni mədəniyyət evinin yerinə yenisinin tikintisi, bir hissəsi dağıdılmış uşaq-gənclər idman məktəbinin bərpasıdır:

"Bundan başqa Azərbaycan tərəfinin layihəsi əsasında tamamilə yeni tikiləcək art-mərkəz var. Hostomel şossesində bir böyük yaşayış binasının da tikintisi nəzərdə tutulub".

Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı tədbir keçirilib

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 41-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, səfirliyin əməkdaşları, İrpen şəhər meriyasının rəsmiləri və deputatlar akademikin abidəsini ziyarət ediblər.

Zərifə Əliyeva adına humanitar "Linqvist" liseyinin kollektivi əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiram ifadə ediblər.

Daha sonra tədbir iştirakçıları akademikin liseydə yerləşən muzeyində olublar.

Səfir Seymur Mərdəliyev bildirib ki, akademik Zərifə Əliyevanın elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir:

"Zərifə Əliyeva insanlara hər zaman kömək edən insan olub. O, dünyada tanınmış oftalmoloq olub. İrpendə hər zaman olduğu kimi, bu gün də görkəmli oftalmoloq alimin xatirəsi böyük hörmətlə anılır".

Liseydə Azərbaycan dilində təhsil alan şagirdlər tədbir iştirakçılarını Azərbaycan və Ukrayna dillərində salamlayıblar.

Zelenski Pasxa atəşkəsi elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı ərəfəsində cəbhədə atəşkəs elan edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidenti bunu aprelin 9-da axşam müraciətində bildirib.

"Ukrayna dəfələrlə humanitar addımlara hazır olduğunu bildirib. Bu il Pasxa bayramı münasibətilə atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik. İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real hərəkət lazımdır", - V.Zelenski əlavə edib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin də Pasxa atəşkəsi elan edib.

Ali Radanın deputatı: Ukrayna üçün Azərbaycan neftinin çox hissəsinin Avropa bazarına daxil olması vacibdir

Ukrayna üçün həm Azərbaycan neftinin, həm Qazaxıstan neftinin çox hissəsinin Avropa bazarına daxil olması vacibdir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Ali Radanın hakim "Xalqın xidmətçisi" partiyasından deputat Sergey Naqornyak bildirib.

"Çünki bizim üçün bu ölkələr yad deyil. Bunlar bu gün Ukraynaya, xüsusilə enerji sektorunda kömək edən ölkələrdir. Və biz eyni şəkildə həm Qazaxıstan, həm də Azərbaycan nefti istehsalçılarını dəstəkləyəcəyik. Buna görə də benzinlə, dizel yanacağı ilə yeni oyunçuları Ukrayna bazarına məmnuniyyətlə dəvət edirik", - o deyib.

Deputat xatırladıb ki, Ukraynada bu gün Azərbaycan şirkəti "SOCAR"ın yanacaqdoldurma stansiyaları şəbəkəsi fəaliyyət göstərir və bir çox ukraynalılar bu şirkətin xidmətlərindən və yanacaqdoldurma şəbəkələrindən istifadə edirlər:

"Ümid edirəm ki, bu, Ukraynada meydana çıxacaq son şəbəkə deyil. Biz əməkdaşlığa açığıq və Azərbaycanın bu gün Ukraynaya enerji sektorunda göstərdiyi köməyə səmimi minnətdarıq".

S.Naqornyak vurğulayıb ki, enerji bazarında vəziyyət həm Ukraynada, həm də Avropada bu gün kifayət qədər mürəkkəbdir.

"Hörmüz boğazının bloklanmasından sonra bu gün enerji daşıyıcılarının qiymətləri həm Avropada, həm də Ukraynada əhəmiyyətli dərəcədə artıb. Ukrayna bu gün yanacağın – həm dizel, həm də benzinin təxminən 90 %-ni idxal edir. Biz bu gün dünyada baş verən hadisələrə reaksiya verməyə məcburuq", - o deyib.

Zelenski Dəməşqdə suriyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Dəməşqdə suriyalı həmkarı Əhməd Əl Şara ilə görüşüb.

Ukraynanın Prezident Ofisindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunub.

"Rusiyanın Ukraynaya qarşı müharibəsinin vəziyyətini də müzakirə etdik. Suriyanın ərazi bütövlüyü mövzusunda dəstəyinə görə minnətdaram. Hərbi və müdafiə sahəsində təcrübə mübadiləsinə böyük maraq var. Həmçinin Ukraynanın etibarlı qida məhsullarının təchizatçısı kimi roluna toxunduq və regionda ərzaq təhlükəsizliyini gücləndirmək üçün birgə imkanları müzakirə etdik. Suriyanın hazırda üzləşdiyi enerji və infrastruktur çətinliklərindən yaxşı xəbərdarıq. Dövlətlərimizin və xalqlarımızın imkanlarını artırmaq üçün birlikdə işləməyə hazırıq" - Ofisin Ukrayna Prezidenti adından verdiyi açıqlamada bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də Suriyaya gəlib.

Ukraynanın Prezident Ofisindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, V. Zelenskini Dəməşq aeroportunda rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, bu, V. Zelenskinin Suriyaya ilk səfəridir.

Volodimir Zelenski: ABŞ, Ukrayna və Rusiya atəşkəsə nəzarətin prinsiplərini razılaşdırıblar

Prezident Volodimir Zelenski ABŞ, Ukrayna və Rusiyanın atəşkəs əldə olunacağı təqdirdə ona necə əməl olunacağının prinsiplərinin razılaşdırıldığını bildirib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidenti jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, üçtərəfli danışıqlarla fasiləyə qədər inkişaf var idi:

"Hərbi formatda üçtərəfli danışıqlarda inkişaf var idi. Hər üç tərəf atəşkəsin əməl olunmasına nəzarət mexanizmlərini razılaşdırmışdılar. Atəşkəsin əldə olunması üçün isə siyasi iradə lazımdır ki, o da hələlik yoxdur".

Ukraynanın sərbəst güləş üzrə Azərbaycan əsilli təmsilçisi Avropa çempionu olub

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanı sərbəst güləş üzrə 50 kiloqram çəki dərəcəsində təmsil edən Azərbaycan əsilli Aidə Kərimova rəqiblərinə qalib gələrək birinci yeri tutub və qızıl medal qazanıb.

A. Kərimova, Ukraynada ilk Azərbaycan əsilli qadın idmançı kimi bu nailiyyətin sahibidir.

Qeyd edək ki, A. Kərimova Donetsk vilayətinin Toretsk şəhərində doğulub.

Ukraynada ali məktəb tələbələri Azərbaycana həsr olunmuş esse müsabiqəsində iştirak edib

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ali məktəblərdə esse yazı müsabiqəsi keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Ukraynanın nüfuzlu ali məktəblərinin 200-ə yaxın tələbəsinin iştirak etdiyi müsabiqədə Azərbaycanın Zəfər tarixi, suverenliyi, Ukrayna-Azərbaycan arasında tarixi münasibətlərə dair müxtəlif mövzular üzrə esse yazılıb. Müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi ilk olaraq Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, iki ölkə arasında əməkdaşlığının inkişafı kontekstində gənclərlə işin əhəmiyyəti barədə danışıb.

Qeyd edib ki, müsabiqənin qalibləri arasında gələcək diplomatlar da var. Bəlkə də gələcəkdə bu gənclər ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirak edəcəklər. Sonra institutun direktoru Valeri Kopeyka çıxış edərək qeyd edib ki, ölkələrimiz həmişə bir-birinə dost olub, Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və dövlətlərimizin rifahı naminə inkişaf edir.

Çıxışlardan sonra müsabiqənin qaibləri mükafatlandırılıb.

Müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi daha sonra Kiyev Politexnik İnstitutunda keçirilib. Mərasimdən əvvəl səfir və ali təhsil ocağın rektoru Anatoli Melniçenko arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Ukrayna ali təhsil ocaqları arasında əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Sonra səfir qalibləri mükafatlandırıb.

Volodimir Zelenski: Biz ukraynalılara məxsus heç nəyi Rusiyaya verməyəcəyik

Ukraynalılara məxsus heç nə Rusiyaya verilməyəcək.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup müsəlman ilə iftar süfrəsi arxasında görüşdə bildirib.

O qeyd edib ki, bu sadəcə bir nəfərin deyil, Ukrayna dövlətinin və milyonlarla vətəndaşın prinsipial mövqeyidir:

"Ukraynanın bütövlüyü ölkədə yaşayan bütün millətdən olan vətəndaşların ali marağıdır. Kiyevdən Krıma, Zakarpatiyadan Donetskə bütün vətəndaşlarımızın marağıdır. Biz bütün torpaqlarımızı, Ukraynanın hər bir ərazini, Şərqimizi, Donbası, Kırımımızın hır qarışını dəyərləndiririk".

❌