Rusiyada sərnişin təyyarəsi eniş edərkən həyəcanlı anlar yaşanıb.
"SHOT" "Telegram" kanalına istinadən, Tümen şəhərindən uçan sərnişin təyyarəsini ildırım vurub.
Hadisə təyyarə Soçi hava limanına eniş edərkən baş verib.
Məlumata görə, "Yamal" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi Adlerdəki hava limanına eniş etmək üçün alçaqdan uçmağa başlayıbmış. Təxminən 400 metr hündürlükdə olarkən ekipaj parlaq işıqlar görüb və güclü gurultu səsi eşidib. Buna baxmayaraq, pilotlar enişi davam etdiriblər və hava gəmisi qısa müddət sonra Soçidə uğurla yerə enib.
Təyyarəyə keçirilən baxış zamanı məlum olub ki, "Airbus"un burun hissəsi ildırım vurması nəticəsində zədələnib. Təyyarənin yalnız boya qatı qopub. Təyyarədə müvəqqəti təmir işləri aparılıb, bundan sonra isə əsaslı təmirə qədər onun uçuşlarına icazə verilib.