Orta Dəhlizin inkişafı biznes üçün yeni imkanlar yaradır.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfəri zamanı Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Estoniyanın XİN rəhbəri Azərbaycanın həm Estoniya, həm də bütövlükdə Avropa üçün strateji əhəmiyyətli tərəfdaş olduğunu bildirib.
“Azərbaycan əlverişli coğrafi mövqeyi sayəsində Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat və kommunikasiya əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.
Orta Dəhlizin inkişafı ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və regionlarımızın biznes dairələri üçün yeni iqtisadi imkanların yaradılması potensialına malikdir. Avropa İttifaqının üzvü kimi Estoniya Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə, eləcə də regional bağlantıların inkişafına yönəlmiş təşəbbüsləri alqışlayır”, - Tsahkna əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.