Xaçmazda "Jiquli" ağaca çırpıldı, sürücü güclə qurtarıldı - VİDEO

Xaçmazda yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Müşkür kəndi ərazisində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 26 yaşlı Abbasov Əkrəm Əsəd oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.