Milli Məclis “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Sazişi ratifikasiya edib.
Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Kontrakt sahəsi Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən iqtisadi rayonlarının bəzi hissələrini əhatə edən quru ərazisidir. Ətraf mühitin mühafizəsi Sazişin şərtləri nəzərə alınmaqla qanunvericiliyə, beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş müsbət təcrübəyə və müəyyən edilmiş ekoloji standartlara uyğun təmin edilir. Layihənin idarəedilməsi üçün podratçının nümayəndələrindən ibarət İdarəetmə Komitəsi yaradılır. Podratçı və Operator əməliyyat tələbləri və peşə uyğunluğu nəzərə alınmaqla Azərbaycan vətəndaşlarının işə götürülməsinə və yerli şirkətlərə üstünlük verirlər.