Son illər ürək-damar xəstəlikləri ilə bağlı narahatlıq artır. Xüsusilə gənc yaşlarda qəfil ürək tutması və ölüm halları diqqət çəkir. Əvvəllər daha çox yaşlı insanlarda rast gəlinən bu problemlərin 20–40 yaş aralığında da müşahidə olunması cəmiyyətdə ciddi suallar yaradır.
Bəs gənclər arasında qəfil ürək tutmalarının artmasına hansı amillər səbəb olur? Bu halların qarşısını almaq üçün nələrə diqqət edilməlidir?
Məsələ ilə bağlı News24.az-a danışan kardioloq-aritmoloq Günay Rəhimova bildirib ki, gənclər arasında qəfil ürək dayanması və ani ölüm halları həkimləri də ciddi narahat edir.
"Bu halların əsas səbəblərindən biri insanların heç bir şikayəti olmadığı halda ürək müayinəsindən keçməməsidir. Özünü sağlam hiss etmək ürək-damar sistemində problemin olmadığı anlamına gəlmir. Günay Rəhimova bildirib ki, bəzi genetik xəstəliklər, o cümlədən uzun QT sindromu, "Brugada sindromu", gizli damar tutulmaları və damar anomaliyaları uzun müddət heç bir əlamət verməyə bilər. Bəzi hallarda isə xəstəlik yalnız bir dəfə özünü büruzə verir və bu, ağır nəticələrlə başa çata bilir".
Kardioloq xüsusilə ailəsində gənc yaşda qəfil ölüm halları olan şəxsləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, valideynlər, əmilər, dayılar və digər yaxın qohumlar arasında səbəbi bilinməyən ani ölüm faktları varsa, həmin şəxslər heç bir şikayətləri olmasa belə, mütləq ürək müayinəsindən keçməlidirlər:
Həkim belə şəxslərə elektrokardioqramma (EKQ) və exokardioqrafiya (EXO) müayinələrini, eləcə də həkimin göstərişinə uyğun olaraq xolesterin analizlərini tövsiyə edib. İdmanla məşğul olmağa başlayan gənclərin də əvvəlcədən kardioloq müayinəsindən keçməsi vacibdir. Fiziki yüklənmə orqanizm üçün ciddi stress faktorudur. Ürəkdə, xüsusilə də genetik və ya irsi problemlər olduqda, müayinədən keçmədən intensiv idmana başlamaq təhlükəli ola bilər".
Həkim qeyd edib ki, bəzi aritmiyalar heç bir əlamət vermədən gizli şəkildə inkişaf edir və müəyyən hallarda qəfil ürək dayanmasına səbəb ola bilər. O, gənclərə müraciət edərək bildirib ki, kardioloq müayinəsi cəmi 20 dəqiqə vaxt aparsa da, ürək sağlamlığı ilə bağlı ciddi risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına kömək edə bilər.