ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte noyabrın 25-də Floridada görüşərək birgə bəyanat yayıblar. Lakin Şimali Atlantika Alyansının rəsmi saytında və Ağ Ev rəhbərinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində dərc edilən mətnlərdəki ifadələr arasında fərqlər ortaya çıxıb. Xüsusilə NATO-nun versiyasında müharibənin coğrafiyasının genişlənməsinə yol verməmək çağırışı yalnız Rusiyaya ünvanlandığı halda, Trampın paylaşımında bu çağırış həm də Ukraynaya yönəldilib.
Alyansın saytında dərc olunan bəyanatda bildirilir ki, Prezident Tramp və Baş katib Rütte noyabrın 25-də “Cənub Ağ Evi” kimi tanınan Mar-a-Laqo iqamətgahında müstəsna dərəcədə uğurlu görüş keçiriblər. Sənəddə qeyd olunur ki, bu olduqca səmərəli görüş zamanı əsas diqqət Rusiya və Ukrayna arasındakı müharibəyə, İrandakı münaqişəyə, eləcə də Haaqa və Ankaradakı sammitlərdə birgə əldə edilən misilsiz nailiyyətlərə yönəldilib. Həmçinin Rusiya tərəfindən müharibənin miqyasının qəsdən və ya təsadüfən genişlənməsinə gətirib çıxara biləcək hər hansı addımların qarşısının alınmasının və sülh yolu ilə nizamlanmaya tezliklə nail olunmasının vacibliyi müzakirə edilib. Bundan başqa, həm ABŞ-də, həm də bütün NATO-da müdafiə xərclərinin daha da artırılmasının və sənaye bazasına investisiyaların vacibliyi vurğulanıb.
Bir neçə saat sonra birgə bəyanat Trampın “Truth Social” səhifəsində də paylaşılıb, lakin mətn NATO versiyasından fərqlənib. Həmin paylaşımda tərəflərin Rusiya və Ukrayna tərəfindən müharibənin miqyasının qəsdən və ya təsadüfən genişlənməsinə gətirib çıxara biləcək hər hansı addımların qarşısının alınmasının və sülh yolu ilə nizamlanmaya tezliklə nail olunmasının vacibliyini ətraflı müzakirə etdikləri bildirilib.
Ukraynanın da çağırışa daxil edilməsi ilə yanaşı, Trampın variantında digər kiçik düzəlişlər də edilib. Məsələn, onun paylaşımında tərəflərin həm ABŞ-də, həm də bütün NATO-da müdafiə xərclərini və sənaye bazasına investisiyaları müzakirə etdiyi qeyd olunub. NATO-nun variantında isə bu fikir müdafiə xərclərinin daha da artırılmasının və sənaye bazasına investisiyaların vacibliyi kimi səslənirdi.
Bundan əlavə, Tramp öz paylaşımında Rütteni ABŞ müdafiə şirkətlərinin böyük irəliləyişi barədə məlumatlandırdığını yazıb. Onun sözlərinə görə, bu şirkətlər “Patriot” komplekslərinin, “YHAAD” sistemlərinin, “Tomahawk” raketlərinin, eləcə də hələ ictimaiyyətə təqdim olunmamış bir çox yeni hücum və müdafiə silahlarının istehsalına cəmləniblər. Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ heç vaxt əvvəl bu qədər hərbi texnika və sursat istehsal etməyib, ölkənin “anbarları” tezliklə dolacaq və bu baş verdikdə bütün dünyadakı müttəfiqlər və tərəfdaşlar bundan böyük fayda əldə edəcəklər. “Truth Social”dakı bu hissə “birgə bəyanat” mətnindən heç bir şəkildə ayrılmayıb.
“Politico” nəşrinin məlumatına görə, anonimlik şərti ilə danışan NATO rəsmisi Alyansın saytında dərc olunan bəyanatın razılaşdırıldığını, Trampın isə sonradan mətnə birtərəfli qaydada dəyişikliklər etdiyini bildirib.
Qeyd edək ki, birgə müraciət Ukraynanın Liviyanın Benqazi limanında Rusiyanın “Merkuri” hərbi gəmisinə zərbə endirməsindən, həmçinin Liviya sahillərində və Fin körfəzində Rusiya yük gəmilərinə hücum etməsindən bir neçə gün sonraya təsadüf edib.