BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə C blokunda tədris şəraiti ilə bağlı tələbələrin müraciətlərini nəzarətə götürüb. Rektor bu barədə sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı yaratdığı işçi qrupu əraziyə baxış keçirəcək və araşdırmanın nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

“Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm”, – Məleykə Abbaszadə qeyd edib.

C blokunda təhsil alan tələbələr rektora müraciət edərək tədris şəraitinin yaxşılaşdırılmasını istəyiblər. Onların sözlərinə görə, korpusun yerləşdiyi ərazidə magistral yolun, yaxınlıqdakı qəssabxananın və avtomobil yuma məntəqəsinin səsi dərs prosesinə mane olur və diqqətlərini yayındırır.