Süni intellekt sektorunda artım tempinin gələcəkdə yavaşlayacağı gözlənilsə də, şirkətlər gələn il bu sahə ilə bağlı kapital xərclərini maliyyələşdirmək üçün açıq borc bazarlarında yüksək kredit keyfiyyətinə malik borc alətləri vasitəsilə 450 milyard dollar cəlb edəcəklər. Bloomberg bu barədə JPMorgan-ın məlumatlarına istinadən yazır.
Bankın məlumatına görə, cari ildə süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər qlobal bazarlarda 368 milyard dollar dəyərində investisiya reytinqli istiqrazlar buraxıblar.
JPMorgan strateqlərinin hesablamalarına əsasən, süni intellektlə bağlı kapital xərcləri 2027-ci ildə təxminən iki dəfə artaraq 1,4 trilyon dollara çatacaq, 2028-ci ildə isə bu səviyyədə sabitləşəcək. Analitiklər 2028-ci ildə xərclərin artım tempinin kəskin yavaşlayacağını proqnozlaşdırırlar. Tencent və Alibaba da daxil olmaqla, Asiyanın texnologiya nəhənglərinin ehtiyatlı açıqlamaları bu tendensiyanın ilkin əlaməti ola bilər.
Bank proqnozlaşdırır ki, 2027–2031-ci illərdə süni intellekt sektorunda ümumi gücü 151 giqavat olan məlumat mərkəzlərinin tikintisinə 7 trilyon dollar xərclənəcək. Məlumat mərkəzlərinin əksəriyyətinin tikintisi bir neçə il çəkdiyindən və ilkin mərhələdə kapital cəlb olunmasını tələb etdiyindən, 2027-ci il üçün nəzərdə tutulan işlərin böyük hissəsi artıq maliyyələşdirilib. Bu isə 2027-ci ildə cəlb ediləcək vəsaitlərin əsasən 2028-ci ildə həyata keçiriləcək layihələrə yönəldiləcəyi deməkdir.
JPMorgan gözləyir ki, 2027-ci ildə şirkətlər investisiya reytinqli istiqrazlarla yanaşı, kreditlər vasitəsilə 65 milyard dollar, sekuritizasiya edilmiş maliyyə alətləri hesabına isə 25–35 milyard dollar cəlb edəcəklər.
Digər şirkətlərin proqnozları fərqlənir. Goldman Sachs iri şirkətlərin süni intellektlə bağlı kapital xərclərinin gələn il 50% artaraq 1,2 trilyon dollara çatacağını gözləyir. Londonda yerləşən Entext araşdırma şirkəti isə 2027-ci ildə artım tempinin təxminən 25%-dək yavaşlayacağını proqnozlaşdırır.