"Sabah" - "Barselona" klublarının oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, mərhum azarkeş 39 yaşlı Anton Aleksandroviç Petrişşev qarşılaşmanı izləmək üçün Rusiyadan 11 yaşlı oğlu ilə Bakıya gəlibmiş. Hadisə zamanı onun azyaşlı oğlu da yanında olub.

Məlumata görə, Anton Petrişşevin meyiti tibbi ekspertizadan sonra Rusiyaya göndəriləcək.

***

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda ölüb.

"Teleqraf"a istinadla, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 39 yaşlı Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.

Faktla bağlı araşdırma aparılır.