Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb

Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” (World Sustainable Transport Day Forum 2026) beynəlxalq forumu öz işinə başlayıb. Tədbirin əsas müzakirə mövzuları arasında Orta Dəhlizin, TRIPP marşrutunun və regional nəqliyyat dəhlizlərinin inkişafı yer alır.

Forum iştirakçıları dayanıqlı nəqliyyat sisteminin inkişaf perspektivlərini, qabaqcıl dünya təcrübələrini, həmçinin BMT-nin inklüziv iqtisadi artım və peşə standartlarının yüksəldilməsinə yönəlmiş proqramlarını nəzərdən keçirəcəklər. “Gələcəyin nəqliyyatı – nəticə verən infrastruktur: ağıllı, ekoloji və gəlirli hab” adlı xüsusi paneldə nəqliyyat dəhlizlərinin səmərəliliyi və uzunmüddətli rentabelliyi, eləcə də “yaşıl” aviasiyanın inkişafı və Avropa ilə Asiya arasında ekoloji hava dəhlizlərinin yaradılması məsələləri müzakirə olunacaq.

Gündəlikdə dəmir yollarının elektrikləşdirilməsi, limanların modernizasiyası, “ağıllı” anbarların yaradılması və Avropa–Asiya ticarət axınlarını artırmaq üçün transsərhəd tərəfdaşlıqların genişləndirilməsi də yer alıb. Bundan əlavə, “Azərbaycan qlobal logistikada strateji birləşdirici halqa kimi” mövzusunda panel müzakirəsində sərhədlərdə “ağıllı” gömrük və rəqəmsal həllərin, o cümlədən e-CMR elektron nəqliyyat qaimələrinin və e-Freight sisteminin tətbiqi diqqət mərkəzində olacaq.