“Son günlər Rusiya-ABŞ danışıqlarında Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi, eləcə də Ukrayna ilə yanaşı, Avropa İttifaqına və bütövlükdə Avropaya təhlükəsizlik zəmanətlərinin təqdim olunması məsələsi gündəmdədir. Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyü məsələsi də müzakirə edilir. Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra məhz Ukraynanın NATO-ya üzvlüyünün ən etibarlı təhlükəsizlik zəmanəti olacağı qeyd olunur”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi. O qeyd etdi ki, bu kontekstdə Ukraynanın NATO-ya üzvlüyü məsələsi sadəcə müzakirə mövzusu kimi gündəmə gətirilib:
“Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olması mümkün deyil. Rusiya-Ukrayna münaqişəsinin başa çatması da hələlik üfüqdə görünmür. Tramp Konqresə seçkilərdə məğlub olduqdan sonra Rusiya ilə Ukrayna arasında müvəqqəti də olsa, atəşkəs elan edilməsinə və bunu özünün qələbəsi kimi təqdim etməyə çalışır. Bu istiqamətdə səylərini və cəhdlərini davam etdirir.
Ancaq təəssüf ki, Rusiya-Ukrayna münaqişəsi hər belə diplomatik-siyasi danışıqlardan sonra daha da eskalasiya edir. Biz hansı danışıqlardan, hansı atəşkəsdən və Ukraynanın NATO-ya üzvlüyündən danışa bilərik ki, Əbu-Dabi görüşü başa çatdıqdan dərhal sonra, xüsusilə də Çinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşdən sonra Rusiyanın işğal etdiyi Krımda, Krım körpüsünə və Putinə qarşı çox həssas zərbə endirildi.
Bundan sonra Rusiya tərəfi də müharibə başlayandan bəri Kiyevə ən güclü raket və ballistik zərbələrindən birini endirdi”.
Deputatın sözlərinə görə, bu günlərdə Rusiya-Ukrayna münaqişəsinin artıq dünya münaqişəsinə, NATO-Rusiya və Avropa-Rusiya qarşıdurmasına çevrilməsi qaçılmaz görünür:
“Bu proses artıq baş verir. Rusiyanın Baltikyanı ölkələrlə münasibətləri də ciddi şəkildə eskalasiyaya doğru gedir. Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərin bağlanacağını elan etmişdi. Rusiya isə bu addımı özünə qarşı müharibə elanı kimi qiymətləndirir.
Bundan əlavə, Rusiyanın şimal istiqamətində yeganə dəniz çıxışı olan Baltik dənizi vasitəsilə Atlantik okeanına, Şimal Buzlu okeanına və Şimali Atlantik okeanına çıxışı, demək olar ki, artıq məhdudlaşdırılıb. Belə ki, bir-iki gün bundan əvvəl Sankt-Peterburqdan Kalininqrada gedən yük gəmisi böyük ehtimalla Ukrayna tərəfindən vurulub.
Təbii ki, Ukraynaya bu istiqamətdə güclü dəstək verilir. Burada Avropa İttifaqını, Almaniyanı, Fransanı və xüsusilə də Böyük Britaniyanı qeyd etmək lazımdır. Hesab edirəm ki, Ukrayna özbaşına belə böyük əməliyyatları öz sərhədlərindən yüzlərlə kilometr uzaqda, şimal istiqamətində, Baltik dənizində həyata keçirmək iqtidarında deyil”.
Millət vəkili əlavə etdi ki, Rusiya-Ukrayna müharibəsi artıq coğrafi baxımdan Şimal Buzlu okeanını, Baltik dənizini, Şimali Atlantik okeanını, hətta Aralıq dənizini və Afrika sahillərini də əhatə etməyə başlayıb:
“Rusiyanın Benqazidəki hərbi gəmisi – “Merkuri” raket korveti, eləcə də səhv etmirəmsə, “Sparta” adlı yük gəmisi Liviyada, Benqazi sahillərində vurulub. Bu, artıq dünya müharibəsidir və üçüncü dünya müharibəsinin isti fazasına keçid deməkdir.
Ukrayna və İran tərəflərinin iddialarına görə, hətta Ukraynanın Benqazidə, Liviya sahillərində həyata keçirdiyi hücumlar İran gəmilərinə qarşı da yönəlib. Yəni bu burulğanın içərisinə getdikcə daha çox qüvvənin, silahın və tərəfin cəlb olunduğunu, daha çox zərbələrin endirildiyini görürük.
Müharibənin eskalasiyası isə günü-gündən artır. Bütün bunlar azmış kimi, NATO, Avropa İttifaqı və Böyük Britaniya ilə Rusiyanın qarşıdurmasının qaçılmaz olduğu da qeyd edilir”.
Tural Gəncəliyev hesab edir ki, bu kontekstdə Ukraynanın NATO-ya üzvlüyü məsələsi həqiqətən də absurd səslənir və inandırıcı görünmür:
“Eyni zamanda, Rusiya-Ukrayna münaqişəsinin yaxın zamanda başa çatacağı fikri də reallıqdan uzaq görünür. Əksinə, demokratların Konqresdə hakim mövqeyə gəlməsi onu göstərir ki, iki ay sonra, yəni 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq yeni Konqresdə demokratlar açıq şəkildə Ukraynaya dəstək verəcək və anti-Rusiya mövqeyi güclənəcək.
2028-ci ildə isə Trampın hakimiyyətdən getməsindən sonra, istər yeni prezident respublikaçı, istərsə də demokrat olsun, ABŞ-nin siyasəti artıq Trampın Rusiya ilə danışıqlar aparmaq və yaxın münasibətlər qurmaq xəttindən fərqlənəcək”.
Siyasətçi bildirdi ki, respublikaçıların, Trampın vitse-prezidenti Cey Di Vensin də hazırda həm Ukrayna, həm də İran istiqamətində Trampın siyasətindən özünü uzaq tutduğunu görürük:
“O, böyük ehtimalla, 2028-ci il prezident seçkilərində respublikaçıların namizədi kimi özünü daha praqmatik və konstruktiv siyasətçi, Rusiya-İran və Rusiya-Ukrayna müharibələrindən kənarda dayanan şəxs kimi təqdim etməyə çalışır. Ona görə də hesab edirəm ki, NATO-Rusiya qarşıdurması hələ qarşıdadır və bu qarşıdurma isti fazaya keçəcək.
Böyük ehtimalla, 2027–2028-ci illərdə Rusiya-Avropa qarşıdurmasının şahidi olacağıq. Artıq sizin də məlumatınız var ki, hamımızın gördüyü kimi, Şençjendə keçirilən üçtərəfli görüşdə sanki Rusiyaya müəyyən mənada yaşıl işıq yandırıldı və Avropanın ram edilməsi, qorxu altında saxlanılması prosesi başladı.
Rusiya raketləri artıq Polşa sərhədlərinə qədər gedib çatdı. Polşa ərazisinə, sərhəddən 85 kilometr içəriyə doğru ballistik raketlər və dronlar düşdü. Dronların bu istiqamətdə hərəkətini gözləyirdik. Onların artıq Almaniyanın Leypsiq aeroportuna qədər çatdığı barədə məlumatlar var idi.
Ancaq bu dəfə ballistik raketlərin Polşa ərazisinə düşməsi və sərhəddən 85 kilometr içəriyə qədər irəliləməsi bunun təsadüfi olmadığını göstərir. Təsadüfi raketlər 500 metr, 300 metr yayınma ilə hədəfdən kənara düşə bilər, amma 85 kilometrlik məsafə artıq başqa, əvvəlcədən planlaşdırılmış hücumdan xəbər verir”.
Deputat Rusiya ilə Amerika, Tramp və Putin arasında razılaşmanın məqsədlərindən birinin Avropanı daha çox qorxu altında saxlamaq və zəif vəziyyətə salmaq olduğunu qeyd etdi:
“Bu, həm Amerikanın, həm də Rusiyanın siyasi maraqlarına uyğun gəlir. Eyni zamanda, Trampın digər məqsədinin də Rusiya ilə Avropa, Rusiya ilə Avropa İttifaqı və NATO-nun Avropa cinahı arasında qarşıdurmanın baş verməsi olduğunu düşünürəm. Beləliklə, həm Rusiya, həm də Avropa zəifləsin və Amerika hegemonluğundan çıxa bilməsin.
Üstəlik, Rusiyanın və Avropanın zəifləməsi ilə Amerikanın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi riski də artır. Hesab edirəm ki, Şençjendə keçirilən görüşlərin nəticələrindən biri də bu olub: Amerika Rusiyaya Ukrayna məsələsində ciddi güzəştlərə getməklə İrana hücum planlarını daha da dəqiqləşdirib və konkretləşdirib.
Sadəcə olaraq, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmə gətirilir ki, bu da həm avropalıların, həm də ukraynalıların Rusiya-ABŞ danışıqlarından və iki ölkə arasında münasibətlərin yaxınlaşmasından narahatlığını müəyyən mənada azaltsın”.