Bu agentliyə yeni aparat rəhbəri təyin olunub

Əhməd Talıbov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Agentliyin məlumatına görə, təyinatla bağlı qurumun sədri Səbuhi Sadıqov 2026-cı il noyabrın 20-də əmr imzalayıb. Əhməd Talıbov bu təyinatadək Agentliyin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Əhməd Talıbov 1989-cu ildə anadan olub. O, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi kibernetika" ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetdə "Maliyyə" ixtisası üzrə magistr dərəcəsi alıb.

O, 2012-2013-cü illərdə Dövlət Sosial Təminat Xidmətinin Maliyyə-təsərrüfat şöbəsində, 2013-2017-ci illərdə isə "Bakı Metropoliteni" QSC-də müxtəlif vəzifələrdə çalışıb.

Əhməd Talıbov 2017-2023-cü illərdə "Prime Cotton" MMC-də maliyyə kuratoru, şöbə müdiri, baş maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrini tutub. 2023-cü ildən Dövlət Ehtiyatları Agentliyində çalışır.

Ailəlidir, bir övladı var.