Böyük Britaniya Hərbi Hava Qüvvələri mümkün pilotsuz uçuş aparatı (PUA) hücumları ilə əlaqədar təyyarələrini gecə saatlarında anqarlara və mühafizə olunan sığınacaqlara köçürür.
Bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Britaniya hərbi komandanlığı hərbi təyyarələrinin ətrafında antidron torlarının quraşdırılması planlarını da hazırlayır.
Qeyd edək ki, noyabrın 13-də Böyük Britaniyanın Müdafiə Nazirliyi İngiltərənin şərqində, Suffolk qraflığında yerləşən və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazası üzərində naməlum PUA-ların müşahidə edildiyini açıqlayıb.
"Sky News"un məlumatına görə, həmin vaxt amerikalı hərbçilərə sığınacaqlarda gizlənmək barədə göstəriş verilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
"The Daily Mail" qəzetinin məlumatına görə, həmin axşam təhlükəsizlik siqnalı Leykenhit aviabazasından təxminən 10 kilometr məsafədə yerləşən və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Feltuell aviabazasında da işə düşüb.
Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırma apardığını bildirib.