Məktəblərdə şagirdlərə qarşı 92 məişət zorakılığı halı aşkarlanıb

Cari ilin ilk 10 ayında "Məktəblinin dostu" layihəsi çərçivəsində fəaliyyət göstərən əməkdaşlar tərəfindən 92 məişət zorakılığı halı qeydə alınıb.

Bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilən konfransda deyib.

O bildirib ki, onlardan 42-si davamlı və daha ciddi məsələ olub.

"Hər bir hal araşdırılıb. Baş verən bütün bu hadisələrlə bağlı əlaqəli təşkilatlara müraciət edilib və məişət zorakılığı ilə əlaqədar olaraq 4 şagird sığınacağa yerləşdirilib.

Bizə müraciət edilən məişət zorakılığı hallarından 10-u valideynlər tərəfindən deyil, ailədə yaşayan digər üzvlər - ögey ana, ögey ata və ya digər qohumluq əlaqəsi olan digər şəxslər tərəfindən törədilib", - o vurğulayıb.