496 milyon insanı yoxsulluqdan çıxara bilmişik

Hindistan son 12 ildə 496 milyon insanı yoxsulluq həddindən yuxarı qaldırmağa nail olub.

Bunu Hindistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiriri Abhay Kumar ölkəsinin sosial-iqtisadi inkişafına və yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi nailiyyətlərə dair açıqlamasında bildirib.

Səfir qeyd edib ki, bu nəticə Hindistanın ardıcıl iqtisadi inkişaf strategiyasının, məqsədyönlü sosial siyasətinin və rəqəmsal transformasiyasının mühüm göstəricisidir.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən sosial proqramlar milyonlarla ailənin həyat şəraitinin yaxşılaşmasına, əsas xidmətlərə və maliyyə imkanlarına çıxışının genişlənməsinə şərait yaradıb.

Diplomat bildirib ki, “Pradhan Mantri Ujjwala Yojana” proqramı çərçivəsində aztəminatlı ailələrə 105 milyondan çox mayeləşdirilmiş neft qazı (LPG) bağlantısı təqdim edilib. “Saubhagya” proqramı isə ev təsərrüfatlarının elektrik enerjisi ilə təminatının genişləndirilməsinə töhfə verib.

Səfir səhiyyə və sosial müdafiə sahəsində həyata keçirilən təşəbbüslərə də diqqət çəkib. Qeyd edib ki, “Ayushman Bharat” proqramı uyğunluq meyarlarına cavab verən ailələrə ildə təxminən 5 300 ABŞ dolları məbləğində tibbi sığorta təminatı yaradır. “Janaushadhi” təşəbbüsü isə əhalinin münasib qiymətə generik dərmanlarla təminatını asanlaşdırır.

Bundan başqa, fermerlər “Pradhan Mantri Fasal Bima Yojana” proqramı çərçivəsində məhsul sığortasından, “PM-KISAN” vasitəsilə gəlir dəstəyindən yararlanırlar. “PM SVANidhi” proqramı isə küçə satıcılarının maliyyə imkanlarını genişləndirmək üçün kreditlər təqdim edir.

Diplomatın sözlərinə görə, 2017–2023-cü illər ərzində Hindistanda məşğul əhalinin sayı təxminən 134 milyon nəfər artıb, qadınların ödənişli əmək fəaliyyətində iştirakı da genişlənib.

O bildirib ki, Dünya Bankının qiymətləndirmələrinə əsasən, istehlakın artması, məşğulluğun genişlənməsi və sosial ödənişlərin gücləndirilməsi ölkədə yoxsulluğun azaldılmasının əsas amilləri olub.

Səfir vurğulayıb ki, 496 milyon insanın yoxsulluq həddini aşması miqyasına görə xüsusi əhəmiyyət daşıyır. Bu rəqəm təxminən ABŞ və Rusiyanın ümumi əhalisinə bərabərdir. Onun fikrincə, göstəricinin arxasında milyonlarla ailənin daha yaxşı qidalanma, səhiyyə, elektrik enerjisi, təmiz yanacaq və təhsil imkanlarına çıxış əldə etməsi dayanır.

Bununla yanaşı, diplomat yoxsulluğun azaldılması istiqamətində qarşıda hələ mühüm çağırışların olduğunu da qeyd edib. Xüsusilə kənd və şəhər əraziləri arasındakı gəlir fərqləri, gənclər arasında işsizlik və əməkhaqqı bərabərsizliyi diqqət tələb edən məsələlər kimi qiymətləndirilib.

Səfir Hindistanın 2047-ci ilədək inkişaf etmiş ölkəyə çevrilməsini nəzərdə tutan “Viksit Bharat” vizyonuna da toxunub. Bildirib ki, əsas məqsəd iqtisadi tərəqqinin bütün vətəndaşlar üçün əlçatan olmasını təmin etmək və heç kimin inkişaf prosesindən kənarda qalmamasıdır.

Diplomat hesab edir ki, Hindistanın yoxsulluğun azaldılması sahəsində təcrübəsi digər inkişaf etməkdə olan ölkələr üçün də mühüm nümunə ola bilər. Bu təcrübə iqtisadi artımın, rəqəmsal infrastrukturun və inklüziv sosial siyasətin birgə tətbiqinin milyonlarla insanın həyatında real dəyişiklik yarada biləcəyini göstərir.