“Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər Azərbaycanın Cənubi Qafqazın gələcəyini sülh, nəqliyyat bağlantıları və iqtisadi əməkdaşlıq müstəvisində gördüyünü göstərir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciəti və Zəngəzur dəhlizi haqqında fikirlərini şərh edən deputat Azərbaycanın Cənubi Qafqaz və ümumi regiondakı nüfuzundan danışıb:
“Cənubi Qafqazda davamlı sülhün təmin olunması həm də iqtisadi əməkdaşlığın genişlənməsi, yeni kommunikasiya xətlərinin açılması və regional inkişafın sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə də vurğulanır ki, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirib. Bu kontekstdə xüsusi diqqət mərkəzində olan layihələrdən biri Zəngəzur dəhlizidir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihə ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin olunmasını nəzərdə tutur. Bununla yanaşı, dəhliz Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrinin genişləndirilməsi, Orta Dəhlizin imkanlarının artırılması və regionun beynəlxalq ticarət sistemində rolunun gücləndirilməsi baxımından da əhəmiyyətlidir”.
K. Nurullayeva Zəngəzur dəhlizinin İpək Yolu üçün də çox önəmli faktor olduğunu bir daha diqqətə çatdırıb:
“Azərbaycanın əlverişli coğrafi mövqeyi, mövcud nəqliyyat infrastrukturu, dəniz limanı və dəmir yolları ölkənin bu marşrutdakı rolunu müəyyən edən əsas amillərdəndir. Prezident İlham Əliyevin müraciətində diqqət çəkən məqamlardan biri də Zəngəzur dəhlizinin tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəyi ilə bağlı fikirdir. Cənubi Qafqazın nəqliyyat qovşağı kimi inkişafı region ölkələri üçün iqtisadi əməkdaşlıq imkanları yaradır. Bu potensialın reallaşması üçün siyasi razılaşmalar, qarşılıqlı etimad, təhlükəsizlik təminatları və dövlətlərarası əməkdaşlıq vacibdir. Zəngəzur dəhlizinin reallaşması ilə bağlı məsələlərdə beynəlxalq hüquq normaları, tərəflərin suverenliyi və qarşılıqlı razılaşmalar da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın irəli sürdüyü regional bağlantı təşəbbüsləri də qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır. Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər Azərbaycanın Cənubi Qafqazın gələcəyini sülh, nəqliyyat bağlantıları və iqtisadi əməkdaşlıq müstəvisində gördüyünü göstərir. Perspektivlərin gerçəkliyə çevrilməsi isə ilk növbədə regional sülhün qorunmasından, qarşılıqlı etimaddan və praktiki əməkdaşlıqdan asılıdır”.