Beynəlxalq kredit reytinq agentliyi “S&P Global Ratings” Özbəkistanın uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BB” səviyyəsindən “BB+” səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnoz “sabit” saxlanılıb.
Bu barədə agentliyin noyabrın 20-də açıqladığı hesabatda bildirilir.
Bu, Özbəkistanın indiyədək beynəlxalq reytinq agentliklərindən aldığı ən yüksək suveren kredit reytinqidir. Yeni göstərici ölkəni investisiya səviyyəsi hesab edilən “BBB-” reytinqindən cəmi bir pillə ayırır.
“S&P” reytinqin artırılmasını ölkənin dövlət maliyyəsinin və xarici iqtisadi mövqeyinin yaxşılaşması, enerji sektorunda aparılan islahatlar, dövlət müəssisələrinin yenidən təşkili və valyuta ehtiyatlarının artması ilə əlaqələndirib.
Agentliyin qiymətləndirməsinə görə, Özbəkistanın xalis dövlət borcu oxşar kredit reytinqinə malik ölkələrlə müqayisədə mülayim səviyyədədir. Dövlətin xarici borcunun 83%-i uzunmüddətli və güzəştli şərtlərlə cəlb olunub.
S&P-nin yeni proqnozuna əsasən, Özbəkistan iqtisadiyyatı 2026-cı ildə 8% böyüyəcək. Agentlik 2027–2029-cu illərdə orta illik iqtisadi artımın 6.7% təşkil edəcəyini gözləyir.
Özbəkistan iqtisadiyyatı 2026-cı ilin yanvar-sentyabr aylarında 8.3% artıb. 2017-ci ildən bəri ölkədə orta illik iqtisadi artım təxminən 6% təşkil edib.
Agentlik həmçinin dövlət büdcəsinin kəsirinin 2026–2029-cu illərdə ÜDM-in təxminən 3%-i səviyyəsində qalacağını proqnozlaşdırır. Xalis dövlət borcunun isə 2029-cu ildə ÜDM-in 26%-nə çatacağı gözlənilir.
Özbəkistanın xarici valyuta ehtiyatları da son illərdə əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildən bəri ehtiyatların həcmi iki dəfədən çox yüksələrək oktyabrın sonunda təxminən 64 milyard dollara çatıb. Bu, ölkənin ÜDM-nin təxminən 32%-nə bərabərdir.
Ehtiyatların artmasında qızıl qiymətlərinin yüksəlməsi mühüm rol oynayıb. Qızıl Özbəkistanın əmtəə ixracının 30–40%-ni, beynəlxalq ehtiyatlarının isə 85–90%-ni təşkil edir.
“S&P” qeyd edib ki, ölkənin yüksək iqtisadi artımına baxmayaraq, qızıl qiymətlərindən asılılıq, ixrac bazasının məhdudluğu və Rusiya ilə sıx iqtisadi əlaqələr müəyyən risklər yaradır.
Agentliyin hesablamalarına görə, Özbəkistanda adambaşına düşən ÜDM 2026-cı ildə təxminən 5 200 dollar təşkil edəcək. İnflyasiyanın isə əvvəlki illərlə müqayisədə azalaraq orta hesabla 6.7% səviyyəsində olacağı gözlənilir.
Reytinq agentliyi büdcə kəsirinin və dövlət müəssisələrinin büdcə hesabına kreditləşdirilməsinin azalacağı təqdirdə Özbəkistanın kredit reytinqini yenidən yüksəldə biləcəyini bildirib. Əksinə, büdcə və xarici ticarət kəsirlərinin gözləniləndən çox olması reytinqə mənfi təsir göstərə bilər.
Xatırladaq ki, “S&P” 2025-ci ilin noyabrında Özbəkistanın reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəltmişdi.
Hazırda digər beynəlxalq agentliklərdən “Fitch Ratings” Özbəkistanı “BB” səviyyəsində müsbət proqnozla, “Moody’s” isə “Ba2” səviyyəsində sabit proqnozla qiymətləndirir.