Azərbaycanlı qadınlar dünyanın ən nüfuzlu texnologiya şirkətlərində mühüm vəzifələr tutaraq beynəlxalq səviyyədə uğurlu karyera qururlar.
Onlar “Google”, “Amazon”, “Meta”, “McKinsey” və digər qlobal şirkətlərdə süni intellekt, proqram mühəndisliyi, maliyyə analitikası və rəqəmsal texnologiyalar sahələrində fəaliyyət göstərirlər.
“The Tech” nəşri dünyanın aparıcı texnologiya şirkətlərində çalışan 13 azərbaycanlı qadın haqqında xüsusi material hazırlayıb. Nəşrin məlumatına görə, həmin qadınlar ABŞ, Böyük Britaniya, Lüksemburq və digər ölkələrdə beynəlxalq şirkətlərin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərirlər.
Onların bir qismi Azərbaycanda ali təhsil aldıqdan sonra xaricdə təhsillərini davam etdirərək peşəkar karyeralarında mühüm nailiyyətlər əldə ediblər. Siyahıda yer alan azərbaycanlı qadınlar bunlardır:
1. Cəmalə Talıbova
ABŞ-nin Sietl şəhərində “Amazon” şirkətinin “Prime Video” və “Amazon MGM Studios” bölmələrində çalışır. Analitika sahəsində ixtisaslaşan Cəmalənin “Amazon”da yeddi ildən artıq iş təcrübəsi var. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib, daha sonra Tulsa Universitetində biznes analitikası üzrə magistr dərəcəsi alıb. Şirkətdə fəaliyyətinə biznes analitikası mühəndisi kimi başlayıb.
2. Çinarə Əliyeva
Londonda “Boston Consulting Group” şirkətində süni intellekt mühəndisliyi üzrə baş menecer vəzifəsində çalışır. Süni intellekt, məlumat elmi və proqram təminatının hazırlanması sahələrində 10 ildən artıq təcrübəyə malikdir. O, böyük dil modelləri və süni intellekt əsaslı korporativ həllərin hazırlanması ilə məşğuldur. Əvvəllər “PwC” şirkətində işləyib, London Universitet Kollecində magistr təhsili alıb.
3. Ləman Məmmədova
Böyük Britaniyada “Booking.com” şirkətində proqram mühəndisi kimi fəaliyyət göstərir. 2018-ci ildən proqram təminatının hazırlanması sahəsində çalışır. London Universitet Kollecində kompüter elmləri üzrə təhsil alıb. O, həmçinin gənc proqramçılara dəstək göstərir və “Hack Manchester Junior” layihəsində mentorluq edir.
4. Tamara Seredneva
Nyu-Yorkda “Google” şirkətində baş maliyyə analitiki vəzifəsində çalışır. Maliyyə göstəricilərinin təhlili, hesabatlılıq və biznes analitikası ilə məşğuldur. Sirakuz Universitetində MBA dərəcəsi alıb. Məlumat analitikası və biznes intellekti sahələrində 10 ildən artıq təcrübəyə malikdir.
5. Ləman Cəlil
Azərbaycanda “McKinsey & Company” şirkətində biznes analitiki kimi çalışır. Massaçusets Texnologiya İnstitutunda (MIT) magistr təhsili alıb. Nəşrin məlumatına görə, o, MIT-ni bitirən ilk azərbaycanlı qadındır. Hazırda şirkətin rəqəmsal texnologiyalar və süni intellekt istiqamətindəki layihələrində iştirak edir. Onun fəaliyyəti böyük dil modelləri, məlumat analitikası və biznes üçün süni intellekt həllərini əhatə edir.
6. Sabina Seredneva
ABŞ-nin Sietl şəhərində “Amazon” şirkətində məlumat elmi üzrə mütəxəssis kimi çalışır. Beş ildən artıq analitika təcrübəsinə malikdir. Sirakuz Universitetində biznes analitikası üzrə MBA təhsili alıb. Hazırda şirkətin genişmiqyaslı istehlakçı xidmətləri üçün məlumatlara əsaslanan həllərin hazırlanması ilə məşğuldur.
7. Nərmin Fərzəliyeva
“Amazon Europe” şirkətində məhsul istiqaməti üzrə baş menecer vəzifəsində çalışır. Avropa bazarında brendin inkişafı, tərəfdaşlıqlar və kommunikasiya məsələlərinə cavabdehdir. Əvvəllər marketinq və müştəri təcrübəsi sahələrində fəaliyyət göstərib. O, 2025-ci ildə Bakıda keçirilən “INMerge Innovation Summit” tədbirində çıxış edərək qlobal texnologiya şirkətindəki iş təcrübəsini bölüşüb.
8. Əfsanə Kərimova
Londonda “Google” şirkətində proqram mühəndisi kimi fəaliyyət göstərir. Bakı Mühəndislik Universitetinin məzunudur. Proqram təminatının hazırlanması sahəsində çalışır. O, 2026-cı ildə Bakıda gənc proqramçılar üçün keçirilən texnologiya görüşündə iştirak edərək “Google”dakı iş təcrübəsini bölüşüb.
9. Samirə Allahverdiyeva
ABŞ-də “Meta” şirkətində proqram mühəndisi kimi çalışır. Əvvəllər “PayPal” və “Apple” şirkətlərində fəaliyyət göstərib. Hazırda istifadəçi məlumatlarının məxfiliyinin qorunması istiqamətində texnoloji məhsul və alətlərin hazırlanması ilə məşğuldur. Bakı Dövlət Universitetinin məzunudur və proqram təminatının hazırlanması sahəsində 10 ildən artıq təcrübəyə malikdir.
10. Turan Rəhimli
Londonda “Google” şirkətinin mühəndislik bölməsində texniki proqram meneceri vəzifəsində çalışır. Bundan əvvəl təxminən dörd il “PAŞA Bank”da strateji, rəqəmsal və məhsul layihələrinə rəhbərlik edib. Onun ixtisaslaşdığı sahələrə süni intellekt, məlumat analitikası, avtomatlaşdırma və rəqəmsal transformasiya daxildir.
11. Dənizə İsayeva
Lüksemburqda “Amazon Air” şirkətinin Avropa şəbəkəsində aviaşirkətlərlə koordinasiya üzrə əməliyyat rəhbəri vəzifəsində çalışır. Yük reyslərinin idarə olunması, aviaşirkətlər və yerüstü xidmətlərlə əməkdaşlıq, əməliyyat göstəricilərinin təhlili ilə məşğuldur. Bundan əvvəl “Amazon”da uçuş təhlükəsizliyi sahəsində, həmçinin “Luxair” və “Azəraeronaviqasiya” müəssisələrində fəaliyyət göstərib.
12. Natəvan Axundova
Lüksemburqda “Amazon” şirkətində proqram təminatının hazırlanması üzrə mühəndis kimi çalışır. Proqramlaşdırma, maşın öyrənməsi və təbii dilin emalı sahələrində ixtisaslaşıb. Daha əvvəl Azərbaycanın “A2Z Technologies” və “ATL Tech” şirkətlərində maşın öyrənməsi üzrə mühəndis işləyib. Azərbaycan dilində nitqin tanınması sistemlərinin hazırlanması və səs yazılarında danışan şəxslərin müəyyənləşdirilməsi üzrə layihələrdə iştirak edib.
13. Nikki Məmmədzadə
“Google” şirkətində texniki əməliyyatlar üzrə menecer vəzifəsində çalışır. Avropada üçüncü tərəflərə məxsus məlumat mərkəzlərinin fəaliyyətinə və etibarlılığına cavabdehdir. Bundan əvvəl üç ildən artıq “Amazon Web Services” şirkətində məlumat mərkəzlərinin mühəndis infrastrukturunun istismarı sahəsində işləyib. Həmçinin Milanda baş mühəndis vəzifəsini tutub.