Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər

Ukraynanın Kiyev vilayətindəki Dimerdə Rusiya dronunun hücumundan sonra yaşayış binasının dağıntıları altında 14 nəfər qala bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

"Səhərdən Kiyev vilayətindəki Dimerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Rusiya dronunun hücumu nəticəsində beşmərtəbəli binanın bloku qismən dağılıb. Artıq doqquz nəfər təxliyə edilib, yanğın lokallaşdırılıb. Lakin, təəssüf ki, dağıntılar altında hələ də insanlar ola bilər: 14 nəfər əlaqəyə çıxmır. Bütün lazımi xidmətlər yerində işləyir", - paylaşımda qeyd olunub.

Zelenskinin sözlərinə görə, ümumilikdə bu həftə Rusiya ordusu Ukraynanın 20-dən çox regionuna hücum edib. "Rusiya 2700-ə yaxın dron, 1460-a yaxın aviabomba və müxtəlif tipli 165 raket atıb", - o dəqiqləşdirib.

Rusiyanın artan hücumları ilə əlaqədar olaraq Ukrayna lideri ABŞ-ni PURL proqramı çərçivəsində tərəfdaşların artıq ödənişi etdiyi "Patriot" sistemləri üçün raketlərin Ukraynaya verilməsinə icazə verməyə çağırıb.